Nə vaxt Allahı ansam gözlərim yaşarır, bu nə deməkdir?
Aleykum salam. Allahı anarkən gözləriniz yaşarması mömin üçün gözəl əlamətdir. Neçə-neçə insanlar bu nemətdən məhrumdur. Allaha çoxlu həmd-sənalar edin ki, sizə rəhm edib və bu səadətdən məhrum sizi etməyib. Uca Allah buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər" (əl-Ənfal, 2-4).
"De: "İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır və: "Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!"– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır". (əl-İsra, 107-109).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "O zaman ki, Onun (Uca Allahın) kölgəsindən başqa kölgə olmayacaq, bu zaman Allah Təalla yeddi sinif insanı öz ərşinin kölgəsində yerləşdirəcək: ədalətli rəhbər; ömrünün əvvəlindən Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan və onlardan ayrıldıqda belə, ruhən onlarla olan şəxs; Allahın adı çəkiləndə, gözündən yaş gələn şəxs; gözəl qadının dəvəti qarşısında "mən Allahdan qorxuram" deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs".