Məktəbə getmək, elm öyrənmək haqqında

    22.09.2014
Sual: 
salam.menim bir qohumum deyirki mektebe getmek,kolece getmek haramdir,tagutdur.bu duzgundurmu?meger elm oyrenmek pis bir seydi?
Cavab: 

Aleykum salam. Siz belə insanlara fikir verməyin, elm öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Ey Rəbbim! Mənim elmimi artır!" (Ta Hə, 114).
"De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" (əz-Zumər, 39).

"Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın!" (əl-Mucədilə, 11).
"Allahdan bəndələri içində ancaq alimlər layiqincə qorxar!" (Fatir, 28).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə dua etmişdir: "Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!" (İbn Məcəh).
O, həmçinin demişdir: "Allahım, mənə fayda verəcək elm öyrət və mənə öyrətdiyin elmi faydalı et!"
Özündən sonra faydalı elm qoyub getmək haqqında Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bir kimsə yaxşı bir cığır açarsa, qiyamətə qədər o cığırı izləyən kəslərin qazandığı savabların bir misli, o ilk cığırı açan kimsənin əməl dəftərinə yazılar". (Muslim, ən-Nəsəi).
"Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631).
"Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazıl­mağa davam edir. Bunlar: faydalı elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quranı (çap etdirərək) miras qoymaq və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub getmək".
"Kim elm öyrən­mək məq­sə­dilə yola çıxarsa, Allah onu Cənnətin yoluna yönəldər. Həqiqətən, mələk­lər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs, hətta sudakı balıqlar belə alim üçün istiğfar edər (bağışlanma diləyər). Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü, ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbər­lə­rin varisləridirlər. Peyğəmbərlər qızıl və gümüş miras qoymamışlar, on­ların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar". (ət-Tirmizi, 2682).

Teqlər: 
Paylaş: