Rəngarəng hicablar və dəbli paltarlar geyinmək olarmı?
Aleykum salam. Hicabın mütləq qara rəngdə olması fikri yalnışdır. Amma hicab dar, şəffaf, zərli və s. kimi kənardan diqqət çəkən və kişiləri cəzb edən görkəmdə olmamalıdır.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz". Səhabələrdən biri: "Ya Rəsulullah! Əgər biri davamlı gözəl geyinmək, yaraşıqlı ayaqqabı, libas, gözəl oturuş və gözəl miniyi olmasını istəyirsə, bu da təkəbbürlükdürmü" deyə soruşduqda, peyğəmbər: "Yox, həqiqətən də Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır" deyə buyurdu. (Səhih Muslim).
Bir çox qadınlar qara rəngdə hicabı fərz olduğuna görə yox, daha az cəlbedici olduğu üçün seçirlər. Rəvayət edilir ki, "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər". (əl-Əhzəb, 59) ayəsi nazil olandan sonra Ənsar qadınları çölə çıxanda başlarını (qara örtüklə) elə örtmüşdülər ki, elə bil ki, başlarında qarğa oturmuşdu". (Əbu Dəvud, 4101)