Peyğəmbərə ilk dəfə vəhy gəlməsi
Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa çəkilmək meyli salındı. Peyğəmbər Hira dağındakı mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə götürərdi. Nəhayət, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxumağı bacarmıram!”– deyə cavab verdi.
(Peyğəmbər) dedi: “O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən də: “Oxumağı bacarmıram!”– dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən isə: “Oxumağı bacarmıram!”– dedim. O üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (əl-Ələq surəsi, 1-5)
(Bu hadisədən sonra) Peyğəmbər qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin (Allah Ondan razı olsun) evinə daxil olub: “Üstümü örtün, üstümü örtün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (insanlara) yardım edirsən.”
Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uzzanın yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər (bəzi şeylər) yazardı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ondan: “Ey qardaşım oğlu! Sən nə görürsən?”– deyə soruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya göndərdiyi sirrin sahibidir (Cəbraildir). Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!” Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?” Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər yaşasam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keçmədi ki, Varaqa vəfat etdi və bir müddət vəhy nazil olmadı. (əl-Buxari, 3)