Həcc ziyarəti zamanı Camarata daş atmağın tarixi necədir?

    13.10.2014
Sual: 
Salam.2sualim olacaq.ziyaret zamani seytana das atmagin tarixi nedir.1de boyuk kicik seytan ne demekdir.sagolun.
Cavab: 

Aleykum salam. Qurban bayramı günü Həcc ziyarətində olanların Mina adlanan ərazidə Camarata daş atmaları və qurban kəsmələri bir ibadətdir və bu ibadət İbrahim peyğəmbərdən (Allahın ina salamı olsun) qalmışdır. Bu ibadətləri yerinə yetirməkdə məqsəd Allahı zikr etməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kəbəni təvaf etmək, səfa və mərva təpələri arasında səy etmək, cəməratı daşlamaq yalnız Allahı zikr etmək üçündür" (Əbu Davud: 1888. ət-Tirmizi: 902). Bu əməli etməklə biz həmçinin İbrahim Peyğəmbərin (Allahın ona salamı olsun) hadisəsini xatırlayır və bundan ibrət alırıq. Belə ki, İbrahim peyğəmbər Uca Allahdan oğul istəmişdi. Allah Təala da ona İsmaili bəxş etdi. Sonra İbrahim peyğəmbər dəfələrlə yuxusunda oğlunu qurban kəsdiyini görür və başa düşür ki, bu ona yuxu vasitəsi ilə Uca Allahın əmridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə xəbər verir: "O (İbrahim) dedi: "Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!" O dedi: "Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən". Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman, Biz onu çağırıb belə dedik: "Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!" (əs-Saffat, 100-109).
Rəvayətə görə, İbrahim Uca Allahın bu əmrini yerinə yetirmək istəyərkən şeytan onu müxtəlif hiylə, vasitələr və vəsvəsələrlə bu işdən yayındırmağa çalışdı. Ancaq buna müvəffəq olmadı və İbrahim (Allahın ona salamı olsun) yerdən bir daş götürüb ona atdı. Allah Təala İbrahimə bu sınaqdan üzüağ çıxdığına görə, ona bunun əvəzində bir qoç (qoyun) kəsməyi buyurur. İbrahim peyğəmbər oğluna əvəz göndərilən qurbanlığı kəsir. 
Digər bir rəvayətdə isə belə deyilir: "İbrahim (Allahın ona salamı olsun) həcc etməyə gəldiyi vaxt ilk camaratda onun yolunu kəsən şeytana yeddi daş atdı. Şeytan yerə batdı. İkinci camaratın yanında görəndə yenə yeddi daş atdı. Şeytan yenə yerə batdı. Üçüncü daşlama yerində şeytanı təkrar görəndə, yeddi daş atıb onu yerin dibinə batırdı". (əl-Hakim, İbn Xuzeymə).
Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Mina vadisində gün çıxandan gün batana qədər böyük Camarata daş atmaq mərasimi yerini yetirilir. Camarat dedikdə sütunlar nəzərdə tutulur. Camarata daş atmağı "şeytana daş atmaq" adlandırmaq doğru deyil. Çünki bu bir ibadətdir və bu ibadəti yerinə yetirməkdə məqsəd Allahı zikr etməkdir. Bu əməl İslama zidd deyil, həccin bir hissəsidir. Zəvvarlar hər daşı atdıqda "Allahu-Əkbər" (Allah Böyükdür) deməklə Allahı yad edirlər. Bundan sonra qurbankəsmə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, müsəlmanlar dünyanın hər yerində bayram namazını qılırlar və qurbanlar kəsib kasıblara paylayırlar. Bununla da Zəvvarlar Həcc mövsümünü başa vururlar.
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) "Ya Rəsulallah, bu daşları camarata atmağın mükafatı nədir?" deyə soruşana, buyurdu ki: "Bunun mükafatını ən çox möhtac olduğun Qiyamətdə, Rəbbinin qatında tapacaqsan!" (ət-Tabərani). 

Paylaş: