Qızıma Ruqeyyə adını qoymağa yoldaşım razı deyil, nə edim?
Aleykum salam. Ruqeyyə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qızlarından birinin adı idi. Yoldaşınıza bunu deyərək onu razı salmağa çalışa bilərsiniz. Əgər razı olmasa, püşk atmanız daha ədalətlidir.
Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım...". (əl-Buxari və Muslim).
Həmçinin, Uca Allah buyurur: "Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin". (Ali İmran, 44).
Təfsirdə bildirilir ki, Məryəmin (aləyhə-s-sələm) anası qızını İsrail oğullarının ağsaqqallarının yanına gətirəndə, qızı kimin himayə edəcəyi barədə bir-biriləri ilə mübahisə etməyə başladılar. Onlardan hər biri bu xeyirxah işi yerinə yetirmək və Uca Allahdan mükafat qazanmaq istəyirdi və sonda püşk atmaq qərarına gəldilər. Püşk Zəkəriyyəyə (aleyhi-s-sələm) düşdü, beləliklə də Uca Allah ona və Məryəmə böyük mərhəmət göstərdi. Uca Allah Quran hekayələrini nazil edir ki, insanlar onlardan faydalı nəticələr çıxarsınlar.