Qızla oğlanın internetdə yazışması günahdırmı?
Aleykum salam. Ümumiyyətlə heç bir zərurət və ciddi səbəb olmadan naməhrəmlərin təklikdə və ya internet vasitəsi ilə söhbət etməsi günahdır. Çünki bu kimi əməllər adətən zina kimi daha böyük günahlara yol açır. Odur ki, hər bir müsəlman bu iyrənc günahdan və ona aparan yollardan çəkinməyə çalışmalıdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Bu ayədə Uca Allah zinanı nəinki qadağan edir, hətta ona yaxınlaşmamağı buyurur. Yəni zinaya aparan hər bir əməldən çəkinməyi buyurur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) öz hədislərində zinaya aparan yolları bəyan etmiş və onlardan çəkindirmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yad qadına baxmağı, yad qadınla təklikdə qalmağı, əl ilə görüşməyi, ünsiyyətdə olmağı qadağan etmişdir. O (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165). Həmçinin oxuyun: Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında