Duanin fəziləti və qəbul olunan dualara aid misallar

    04.11.2014
Kimdən: 
Elsever
Sual: 
Salam aleykum. Birde zehmet olmasa duanin fezileti ve qebul olunan dualara aid Quran ve ya sunneden bir-iki misal getirerdiniz...
Cavab: 

Aleykum salam. Duanın fəzilətinə aid aşağıdakıları ayə və hədislərdən bəziləri:
Uca Allah buyurur: "Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60)
Həmçinin, buyurmuşdur: "De: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus (səmimi, ixlasla) edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz". (əl-Əraf, 29)
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Dua ibadətdir". (Tirmizi, 2969, Sahihu-l-Cəmi, 3407).
"Allah üçün duadan hörmətli şey yoxdur". (Əhməd, 2/362; İbn Məcə, 3829, Sahihu-l-Ədəbi-l-Mufrad, 549).
"Allahın (dua edərək ) fəzilətindən istəyin, həqiqətən də, Allah Ondan istənilməsini sevər". (Tirmizi, 3571).
"Allah Ondan istəməyənə qəzəblənər". (Əhməd, 2/442; Tirmizi, 3373; Sahihu-l-Ədəbi-l-Mufrad, 512). Alimlər deyir ki, bu hədis bəndənin Rəbbinə dua etməsinin ən vacib əməllərdən olmasına dəlalət edir, çünki Allahın qəzəbləndiyi əməldən uzaq olmaq vacibdir
"İnsanların ən acizi dua etməkdə acizlik edən və ən xəsisi isə salam verməkdə xəsislik edəndir". (İbn Hibban, 1939; Sahihu-l-Cəmi, 1044).
"Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Allah Təala ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar (Qiyamət günü savabı verilər), ya da ki, etdiyi duasına bərabər olan bəlanı ondan uzaqlaşdırar. Səhabə dedi: Onda (duanı) çoxaldaqmı? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: Allah daha çox əta edən və cavab verəndir". (Əhməd, 3/18; Sahihu-l-Ədəbi-l-Mufrad" 574).

Qəbul olunan dualara aid bəzi misallar

Uca allah buyurur: "Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq". (əs-Saffat, 75-77).
"O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!" (əl-Bəqərə, 60). 
"Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm". (əl-Maidə, 114-115). 
"Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir" (Ali İmran, 38-39)

Ənəs bin Malik (radıyallahu anhu) rəvayət etdiydiyi hədisdə buyurulur ki, peyğəmbər cümə günü xütbə verən zaman bir kişi gəlib ona dedi: "Ey Allahın elçisi! Allaha dua et, bizə yağış endirsin!" Peyğəmbər dua etdi və yağış yağdı". (Buxari, 1015).
Əbu Hureyrə belə xəbər verir: "Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə peyğəmbər haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya peyğəmbərin yanına gəlib dedim: "Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib səninhaqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hureyrənin anasına hidayət versin!" Peyğəmbər dedi: "Allahım, Əbu Hureyrənin anasına hidayət ver!" Mən peyğəmbərin duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib), paltarını geyib qapını açıb mənə dedi: "Ey Əbu Hureyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadətə layiq olan ) ilahi yoxdur və Məhəmməd də onun qulu və elçisidir !" Mən sevincimdən ağlaya-ağlaya peyğəmbərin yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Muştuluğumu ver, Allah sənin duanı qəbul etdi və Əbu Hureyrənin anasına hidayət verdi...". (Muslim, 6346). 

Teqlər: 
Paylaş: