Anamla pis davranan şəxslərə qarşı kin saxlaya bilərəmmi?

    13.11.2014
Kimdən: 
Momin bende
Sual: 
Esselamu aleykun. Anama qarsi pis davrananlara qarsi kin saxlamaq olarmi ? ALLAHDAN qorxanuram ona gorede nece davranmaliyam mene meslehet edesiniz.evelceden ALLAH SIZDEN RAZI OLSUN.
Cavab: 

Aleykum salam. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur. Daha ətraflı: Qul haqqı barədə
Əgər haqqınızı tələb edə bilərsinizsə edin, vəziyyəti düzəldə bilərsinizsə düzəldin, kin saxlamağın isə faydası yoxdur və Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu qadağan edib: "Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!" (əl-Buxari).
Kin saxlamaq həmçinin haqqı qəbul etməmək və ədalətsizlik kimi təhlükəli şeylərə gətirib çıxara bilər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Maidə, 8).
"Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır". (ən-Nisa, 135).

"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur". (Fussilət, 34-35).
"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin". (əl-Hucurat, 10).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "İki müsəlman bir-birindən küsüb uzaqlaşsa , üc gün küsülü qalıb barışmasa, bizdən deyillər. Onlardan hər biri tez barışıb o birini danışdırsa, Qiyamət günü daha tez Cənnətə daxil olar".
Səhabələrdən biri hər gecə yatmamışdan əvvəl belə deyərdi: "Ya Rəbbim! Bu gün müsəlmanlardan hansının mənim onlar üzərimdə haqqım varsa, hamısına haqqım olsun!" Allah Rəsulu bu məsələdən agah olduqda onu bu xislətinə görə bütün səhabələrin içində cənnətlə müjdələmişdir". (əl-Buxari; Muslim).

Paylaş: