Saça və qaşa xına qoymaq olarmı?
Və aleykum Salam. Şəriətdə kişilərə və qadınlara xına istifadə etməyə icazə verilmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə dediyini rəvayət edir: "Yəhudi və xaçpərəstlər (dən düşmüş) saçlarını boyamırlar. Siz onlara müxalif olun". (əl-Buxari, 5899).
Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir: "Saçınıza düşən dənləri gizlətmək üçün ən yaxşı üsul xına və ya kətəmlə boyanmasıdır". (Əbu Davud, 4187).
Xına vurduqda qadağan olunan rəng qara rəngdir. Çünki, qara rəng insanın yaşlı olmasını gizlədir və beləliklə yalan yol açır. Cabir (Allah ondan razı olsun) deyir ki, Məkkənin fəthi günü Əbu Quhafəni (Allah ondan razı olsun) gətirdilər, onun saç-saqqalı düm ağ idi. Bunu görən Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Onun dən düşmüş saçlarını, qara rəngdən başqa, istənilən boyağ ilə rəngləyin". (Muslim, 2102).
Abdullah ibn Abbas (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir: "Bir dəstə insan axır zamanda saçlarını, göyərçinin sinəsi kimi, qara rəngə boyayacaqlar. Onlar Cənnətin iyini duyan deyillər". (Əbu Davud, 4194).