Ayağın cəhənnəmə qoyulması hədisini daha dəqiq necə başa düşmək olar?

    24.12.2014
Kimdən: 
Famil
Sual: 
Salam aleykum,mən bir hədis oxumuşam,hədisdə belə deyilir ki,Əbu Hureyrə rəvayət edir ki,Rəsulullah deyirdi ki:Allah cəhənnəmə doldunmu deyə sorar,doldusa Allah ayağını cəhənnəmə qoyar.Bu nə deməkdir.Allahın(haşa) ayağı var? Niyə cəhənnəmə qoyur?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hədis belədir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: "Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun". Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar. Geridə sadəcə müsəlmanlar qalacaq və aləmlərin Rəbbi olan Allah onlara belə buyuracaq: "Siz bu insan­lara tabe olmaya­caq­sınızmı?" Onlar deyəcəklər: "Səndən Allaha sığı­nı­rıq, Səndən Allaha sığınırıq. Bizim Rəbbimiz Allahdır. Rəbbi­mizi görənə qədər bizim yerimiz bu yerdir". Allah onlara əmr edərək onları sabitqədəm edəcək. Səhabələr: "Ey Allahın Elçisi, Allahı görəcə­yik­mi?" Allah Elçisi soruşdu: "Aylı gecədə bədrlənmiş ayı görməkdə əziyyət çəkirsinizmi?". Səhabələr: "Xeyr" - dedilər. (Bun­dan sonra) Allah Elçisi belə davam etdi: "Siz o gün Onu görməkdə heç bir çətinlik çəkməyə­cəksiniz". Sonra Allah o qul­ları­nın qarşısına çıxıb Özünü tanıdacaq və buyuracaq: "Mən sizin Rəbbini­zəm, Mənə tabe olun!" Müsəlmanlar qalxaraq qurulan Sıratın üzərindən sürətlə gedən at və dəvələr kimi keçəcək və: "Salamat et, salamat et!" - deyə dua edəcəklər. Axıra Cəhənnəm əhli qalacaq. Onlardan bir qrup Cəhənnəmə atıldıqdan sonra (Cəhənnəmə) belə deyiləcək: "Doldunmu?" Cəhən­nəm də deyəcək: "Yenə varmı?" Sonra bir qrup da atılacaq və yenə: "Doldunmu?" - deyiləcək. Cəhənnəm: "Yenə varmı?" - deyəcək. Cəhənnəm əhlinin hamısı Cəhənnəmə dolduqda ər-Rahmən (Allah) ayağını Cəhənnəmə qoyacaq və ondakılar bir-birlərinə sıxılacaq, sonra Allah: "Yetərmi?" - buyuracaq. Cəhən­nəm də: "Yetər, yetər!" - deyəcək. Allah Cənnət əhlini Cənnətə, Cəhənnəm əhlini də Cəhənnəmə qoyduqda ölüm (boynundan) dartılaraq gətirilə­cək və Cənnət əhlilə Cəhənnəm əhli arasında olan bir sədd üzərində qoyulacaq. Sonra: "Ey Cənnət əhli, (artıq) əbədilik var, ölüm yoxdur!" - deyiləcək. Sonra: "Ey Cəhənnəm əhli, (artıq) əbədilik var, ölüm yoxdur!" - deyiləcək. (ət-Tirmizi, 2557, 2755. əl-Albani səhih olduğunu bildirmişdir).
Quran və səhih hədislərdə Allahın bəzi ad və sifətləri vəsf olunur, məsələn: "Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır". (əz-Zumər, 67).
Göründüyü kimi ayədə "əl" və "ovuc" ifadələri işləndi. Müsəlmanların bu məsələdə yolu budur ki, Uca Allah Özünə nəyi vəsf edibsə, həmçinin Rasulullah (salləllahu aleyhi və səlləm) Ona nəyi vəsf edibsə, onlar da heç bir təhrifsiz, inkar etmədən, keyfiyyətinə varmadan (necə olduğunu düşünmədən) və (məxluqlara) oxşatmadan bunu qəbul edirlər. Uca Allah buyurur: "Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır". (əl-Ənam, 103). Daha ətraflı: 
Allah Təalanın ad və sifətləri barəsində müsəlmanın etiqadı necə olmalıdır?
Allah haradadır və Allah hər yerdədir demək olarmı?

 

Teqlər: 
Paylaş: