Quranın Allah sözü olmasının sübutları

    22.11.2014

Qurandakı elmi faktlar

İyirminci əsrdə müasir elm və texnologiyanın inkişafı sayəsində kəşf edilmiş bəzi elmi faktlar Quranda 14 əsr bundan qabaq xəbər verilmişdir. Onlardan bəziləri:
"Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Muminun, 13-14)
İnsanın ana bətnində inkişaf mərhələlərini təsvir edən bu ardıcıllıq yalnız son illərdə müasir elm və texnologiya sayəsində kəşf edilmiş ardıcıllıqla heyranedici dərəcədə üst-üstə düşür.
"Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik" (Zariyat, 47)
Quranda bir çox yerlərdə "göy" sözü kosmos, kainat mənasında işlənir. 20-ci əsrdə alimlər nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların bir-birindən sürətlə uzaqlaşdıqlarını kəşf etdilər. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır.
"Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür" (Ya Sin, 38)
Astronomiya elmi yeni inkişaf edən dövrlərdə insanlar düşünürdülər ki, günəş bir yerdə dayanıb, yer və digər planetlər isə onun ətrafına fırlanır. Lakin sonradan kəşf edildi ki, günəş onun ətrafındakı planetlərlə birlikdə saatda 720000 km böyük sürətlə hərəkət edir.
"Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz dairəsində üzüb gedir." (Ya Sin, 40)
Bu ayədə günəş və ayın dairəvi orbit üzrə hərəkət etməsi deyilir.
"İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar" (Rəhman, 19-20)
Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə "səth daralması" adlı fiziki qüvvə səbəbilə qarışmır.

Təbii ki, elmin inkişaf etmədiyi bir dövrdə bu xəbərləri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özbaşına verməsi qeyri-mümkün idi. Bu və digər ayələr bir çox elm adamlarının İslamı qəbul etməsinə səbəb olmuşdur.

Quranda keçmiş və gələcək haqqında xəbərlər

“Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər”. (Rum surəsi, 1-4)
Bu ayə nazil olandan bir neçə il əvvəl Bizans imperiyası (rumlular) bütpərəst Sasani imperiyası (İran) tərəfindən ağır məğlubiyyətə uğradılmışdı və bir çoxları hətta imperiyanın dağılacağını güman edirdi. Bu səbəbdən ayə nazil olarkən müşriklər buna inanmadılar. Lakin bir neçə ilin içərisində Rumlular güclərini toplayaraq Sasaniləri məğlub etdilər. Ayədə diqqət çəkən digər məqam isə "dünyanın ən aşağı yeri" kəliməsidir. Müasir elm təsdiq edir ki, döyüşün baş verdiyi Ölü dənizin sahilləri həqiqətən dünyanın dəniz səviyyəsindən ən aşağı yeridir (dəniz səviyyəsindən 417 m aşağı)

Quranda həmçinin keçmişdə baş vermiş və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə məlum olmayan, yalnız müasir arxeoloji qazıntılar sayəsində tapılmış bir çox tarixi faktlar barəsində məlumat verilmişdir.

Quranı dəyişdirməyin mümkün olmaması

Quran nazil olduğu gündən bu günə qədər dəyişdirilməmişdir. Bütün dövrlərdə İslam düşmənləri buna nə qədər cəhd etsələr də, onların cəhdləri boşa çıxmış, dəyişdirdikləri şeyləri yaya bilməmişlər. Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9)
Quran nazil olduğu ilk dövrlərdə insanlar arasında əzbər yolu ilə, şifahi yolla yayılırdı. Minlərlə insan Quranı bir-birinə öyrədirdilər (Quran kitab şəklinə isə yalnız Peyğəmbərin ölümündən sonrakı dövrdə salınmışdır). Hətta bu vəziyyətdə belə, Quranın bir sözü belə dəyişdirilməmişdir. Bu gün Tövrat və İncilin bir neçə versiyası var, amma Quran isə birdir - ilk endirildiyi vaxtda olduğu kimi.
 

Qurandakı hökm və qanunların mükəmməlliyi

Uca Allah buyurur: “Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (əl-Maidə, 50)
Quranın hökmlərinə əməl olunduğu dövrlərdə cəmiyyət həm əxlaq, həm də güc-qüvvət, elm və s. sahələrdə dünyada ən üstün olmuşlar. Onların səhrada dağınıq qəbilələr şəkildə yaşayan bir toplumdan güclü dövlətə çevrilərək dünyanın ən böyük imperiyalarını məğlub etməsi bunun sübutudur. Əxlaqsızlıq, haqsızlıq, zina, qız uşaqlarını diri-diri torpağa basdırılması geniş yayılan bir cəmiyyətdə Quran əxlaqı sayəsində Qiyamətə qədər bütün dünyaya nümunə olan bir mədəniyyət quruldu.

Quranda ziddiyyətlərin olmaması

Quran ayələri təqribən iyirmi üç il ərzində nazil edilmişdir. Onların arasında oxşar mənalı və oxşar məzmunlu çoxlu ayələr vardır, lakin onların arasında heç bir ziddiyət yoxdur. Əgər Quran bu uzun müddət ərzində insanlar tərəfindən yazılmış olsaydı, orada çoxlu sayda ziddiyətə rast gəlmək olardı. Uca Allah bu haqda buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (ən-Nisə, 82)

Quranın ədəbi cəhətdən mükəmməl olması

Quranın dili və üslubu ərəb dilində olan bütün başqa əsərlərin dil və üslubundan üstündür, onun ayələri isə həm forma, həm də məzmun baxımından bənzərsizdir. Quran ayələrinin çoxmənalı olmasına baxmayaraq onlar olduqca aydın və asan anlaşılandır. Uca Allah Qurani Kərimdə bu haqda buyurur: “Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir” (Ali İmram, 138)
Ərəblər cahiliyyət dövründə şeirə böyük qiymət verir, dil və bəlağət sahəsində dərin biliklərə sahib olmuşdular. Kəbə ziyarəti mövsümündə təşkil olunan yarmakalarda şairlərin yarışmaları keçirilir və ən gözəl şeir nümunələri Kəbənin divarlarından asılırdı. Quran nazil olduqda mükəmməl və bənzərsiz olması ilə hamını valeh etdi və sonradan bu şeirlər hamısı Kəbənin divarlarından yığışdırıldı.
Quranın qafiyə sistemini və üslubunu araşdıran dilçi alimlər onda olan xüsusiyyətlərin heç bir başqa əsərdə olmadığını və onun qəti olaraq təqlid edilə bilmədiyi barədə qərara gəlmişlər.

Quran kimi kitab yazmaq mümkün deyil

Uca Allah buyurur: "Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin" (əl-Bəqərə, 23-24)

Paylaş: