Haram sevgini necə unutmaq olar?
Aleykum salam. Bu haram sevgidir. Şeytan vəsvəsə vasitəsi ilə sizin qəlbinizə haram olan sevgidən bir köz atıb. Siz bu haram olan şəhvət közünü şeytandan sizə təlqin olunan zəhərli oxlarının vasitəsi ilə (yəni haram olan nəzərlərlə, naməhrəmə baxmaqla), fəsad verən xam xəyallarla, yalnış ümidlərə qapılaraq və yalan olan arzularla alovlandırmısınız.
Böyük islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) "Zəədu-l-Məad" kitabında belə demişdir: "Bu xəstəlik qəlb xəstəliklərindən biridir. Həm öz-özlüyü, həm səbəbləri, həmdəki müalicəsi ilə başqa xəstəliklərdən fərqlidir. Əgər davamlı olarsa, bu xəstəlik getdikcə daha da şiddətlinib möhkəmlənər, həkimlərin xəstəni müalicə etməsi çox çətinləşər və xəstə üçün olduqca böyük təhlükələr yaradar. Sonra o yenə də sözünə davam edərək deyir; Eşq bəlasına əsasən Uca Allahın məhhəbbətindən xali (boş) olan qəlblər tutulur. Əgər qəlb Uca Allahın sevgisi ilə dolu olub, Onunla görüşməyə (görməyə) həvəsli olarsa, bu onu eşq xəstəliyi bəlasına tutulmaqdan müdafiə edər və onun qarşısını alar. Ona görə də Uca Allah bu xüsusda Yusufu (aleyhi-s-sələm) misal gətirərək deyir: "(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır". (Yusuf, 24).
Bu ayə ona dəlalət edir ki, həqiqətən ixlaslı (səmimi) olmaq insanın özünü, şeytani sevgini və bunun üzərində qurulan günah və çirkin əməllərdən qorumasına bir səbəbdir. Buna görə də, bəzi keçmiş alimlər deyiblər ki, (haram) eşq sanki boş qəlbin hərəkətidir, yaxud (haram) sevgi qəlbin boşluğunun əlamətidir.
Şəriətə görə sizin etməli olduğunuz şeylər bunlardır:
Naməhrəmə baxmaqdan, söhbətdən, xəyallardan və digər şeylərdən çəkinmək
Siz Uca Allaha səmimi qəlbdən çoxlu dua etməlisiniz ki, sizi qəzəbinə aparan səbəblərdən və bu bəlanın kökü olan haram baxışlardan qorusun! Baxışlardan sonra vəsvəsə qəlbə yol açır, qəlb isə boş xəyallar və ümidlər qurmağa başlayır. Hətta qəlb o hala gəlib çatır ki, haramı icra etmək üçün arzu və xəyal edir.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd: "Musnəd", 1/412).
Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 30-31).
Evlənmək
İnsanın namusunu haramdan qorumasının ən böyük yolu düşüncələrini və istəklərini Allahın halal buyurduqlarına yönləndirməsidir. Bu halda da, əgər imkan varsa, evlənməkdir. Əgər qəlb kimdənsə xoşlanarsa, bu zaman ən münasib olan odur ki, onunla şəri nigah bağlayasınız. Cabir ibn Abdullah (Allah onlardan razı olsun) nəql edir ki, bir nəfər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib belə soruşdu: "Ya Rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-hallı, digəri kasıb olmaqla iki nəfər almaq istəyir. Biz imkanlı olana vermək istəyirik. Özü isə kasıba üstünlük verir. Bu məsələyə siz necə baxırsınız? Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu suala belə cavab verdi: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847).
Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Qoy evlənməyə imkanı olan (hər kəs, cavanlar) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur". (əl-Buxari, 1905).
Bu halda siz tez evlənməyə tələsməlisiniz və çalışmalısınz ki, qarşınıznda olan maneələri Allahın izni ilə aşasınız və günah əməlləri özünüzdən uzaqlaşdırasınız. Bu halda siz etibar etdiyiniz adamların (sizi başa düşən ananız, bacınız, əməli saleh qohumlarınız və s.) köməklərindən də istifadə edə bilərsiniz.
Vəsvəsədən qorunmaq üçün çoxlu ibadət etmək
Evlənənə qədər siz özünüzü fiziki və əqli olaraq ibadətlərlə (namaz, oruc, zikr və s.) və Allaha itaətlə məşğul etməlisiniz. Şeytana sizin qəlbinizə girib sizə mane olmasına bir an da olsa belə imkan verməməlisiniz və bütün o şeytandan gələn şəhvani qapıları bağlamalısınız.
Dualarla Allahdan kömək istəmək
Bu xəstəliyin ən yaxşı və faydalı müalicə üsullarından biri də Uca Allaha səmimi (ixlasla) qəlblə yalvararaq, yalnız Ona təvəkkül edərək Onun qarşısında zəlilliyini və acizliyini etiraf edərək dua etmək və Onun köməyini, yardımını istəməkdir. Başlanğıc üçün bu ilkin addımdır. Sonra isə siz ismətinizi qorumağa çalışmalı və qəlbinizdə olan şeytani şəhvət hislərini gizlətməyə çalışmalısınız! Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Uca Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Uca Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Uca Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 6470; Muslim, 1053).
Siz bilirsiniz ki, sizə başqa heç nə kömək olmayacaq və onunla evlənə bilməyəcəksiniz. Ona görə də etdiyiniz bu əməl haram və ağılsızlıqdır. Siz ömrünüzün çiçəklənən vaxtındasınız və yollar da qarşınızda çox asan və rahatdır. Ona görə də özünüzü Uca Allahın sizə qadağan etdiyi şeylərlə məşğul etməyin! Sonda Uca Allahdan istəyirik ki, imanı sizə sevdirib onunla qəlbinizi zinətləndirsin! Küfrə, fasiqliyə və asiliyə qarşı da sizdə nifrət hissi yaratsın, ən gözəl əməlləri və sözləri yerinə yetirməyə sizi müvəffəq eləsin və sizə əməli saleh ər və gözəl övladlar bəxş etsin! Həmçinin oxuyun: Günahdan necə əl çəkim?