O hansı səhabədir ki, Peyğəmbər onun üçün bir varlının qızını istəməyə getmişdi?
Aleykum salam. Bu səhabənin adı Culeybib (Allah ondan razı olsun) idi. Bu sözün mənası isə "az böyümüş" deməkdir və "cəlbəb" sozünün kiçildilmiş formasıdır. Bu addan məlum olur ki, Culeybib (radıyəllahu anhu) çox kiçik boylu idi. Bundan əlavə, o "dəmim" kimi təsvir olunmuşdu – yəni eybəcər, şikəst və ya nifrət doğuran zahiri görünüşə malik olan. Culeybibin (radıyəllahu anhu) yaşadığı cəmiyyətə xoşagəlməz digər hal onun nəsilinin naməlum olması idi. Onun (radıyəllahu anhu) anasının və atasının kim olduqları və hansı qəbilədən olduğu barədə heç bir məlumat yoxdur. Ailə və qəbilə əlaqələrinə çox böyük önəm verən cəmiyyətdə Culeybib (Allah ondan razı olsun) qayğı və dəstəyə ümid edə bilməzdi. Bəziləri ona ikrah hissi duyurdu, öz naqisliklərinə görə bəzən qadınlar ona gülərdilər. İslama girdikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üçün zövcə seçmiş, Osman ibn Affan və Əli ibn Əbu Talib (Allah onlardan razı olsun) evlənmək üçün ona maddi kömək etmişdilər. Rəvayət edilir ki: "Bir gün, peyğəmbər (salləllahu aleyhi və səlləm) ənsardan olan bir səhabənin yanına gəlib dedi: "Öz qızını ailə qurmaq üçün mənə ver". Səhabə çox şad olub dedi: "Bu mənim üçün şərəf və nemət olar, ey Allahın Elçisi!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Mən onu özüm üçün istəmirəm". Səhabə soruşdu: "Bəs kim üçün, ey Allahın Elçisi!?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavab verdi: "Culeybib (radıyəllahu anhu) üçün!". Səhabə - "mən onun anası ilə məsləhətləşərəm" - deyib zövcəsinin yanına getdi. O, peyğəmbərin (salləllahu aleyhi və səlləm) onların qızını ailə qurmaq üçün istədiyini zövcəsinə deyəndə, zövcəsi də çox şad olur. Amma qızlarını özü üçün yox, Culeybib (radıyəllahu anhu) üçün istədiyini biləndə zövcəsi təəccüblənib etiraz edir: "Culeybibə?! (radıyəllahu anhu).Yox, Culeybibə (radıyəllagu anhu) heç vaxt! Allaha and olsun, biz ona vermərik!" Ənsarlı kişi zövcəsinin cavabını Peyğəmbərə (salləllahu aleyhi və səlləm) demək üçün getmək istəyəndə anasının etirazını eşidən qız soruşdu: "Məni ərə verməyi sizdən kim xahiş etdi?" Onun anası dedi ki, peyğəmbər onu Culeybibə (radıyəllahu anhu) ərə vermək istəyir. Qız bu xahişin peyğəmbər tərəfindən edildiyini və anasının buna etiraz etdiyini biləndə çox təəccüblənib həyəcanla dedi: "Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) xahişini redmi edirsiz? Məni onun yanına göndərin, həqiqətən o məni həlaka aparmaz". Bu, özündən bir müsəlman olaraq nəyin tələb olunduğunu yaxşı anlayan həqiqi möminin cavabı idi. Müsəlman üçün Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) xahiş və əmrlərinə cavab verməkdən daha böyük məmnuniyyət nə ola bilər! Hafiz Əbu Ömər ibn Abdulbrər (rahiməhullahu) "əl-İstiəb" kitabında yazır ki, bu səhabə qız (Allah ondan razı olsun) təklikdə özünə "sən Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) əmrinə tabe olmağa imtinamı edirsən?" sözlərini deyəndə bu ayə nazil olmuşdur: "Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzəb, 36). Gənc qız valideynlərinə dedi: "Mən razıyam və peyğəmbərin mənim üçün xeyir hesab etdiyi hər bir şeyə təslim oluram". Onun atası peyğəmbərin yanına gəlib dedi: "Onunla istədiyin kimi et". Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) o qızı Culeybiblə (Allah ondan razı olsun) evləndirdi. Culeybib (radıyəllahu anhu) dünyasını dəyişənədək onlar bir yerdə xoşbəxt yaşadılar". (İmam Əhməd: "Musnəd" kitabı, 4/421; Əbu əl-Həsən İbn əl-Əsir: "Usdu-l-Ğabəti Fi Mə'rifəti əs-Sahəbəti", 1/292).
Culeybibin (radıyəllahu anhu) şəhid olması haqqında rəvayət edilir ki: "Culeybib (radıyəllahu anhu), peyğəmbərlə (salləllahu aleyhi və səlləm) döyüşə getmişdi. Döyüşdən sonra peyğəmbər səhabələrdən soruşdu: "Siz kimisə itirdinizmi?" Səhabələr (radıyəllahu anhum) öldürülən qohumlarının adlarını çəkdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "Baxın siz kimisə itirdinizmi?” Onlar dedilər: "Heç kimi". O, dedi: "Lakin mən Culeybibi (radıyəllahu anhu) itirmişəm. Onu öldürülənlərin arasında axtarın". Səhabələr (radıyəllahu anhum) onu axtarıb cəsədini onun öldürdüyü yeddi müşrikin arasında tapdılar. Səhabələr (radıyəllahu anhum) dedilər: "Ey Allahın Elçisi, budur o, öldürülməzdən əvvəl öldürdüyü yeddi düşmənin yanında". Peyğəmbər (salləllahu aleyhi və səlləm) yaxınlaşıb onun yanında durdu və dedi: "Yeddi nəfəri öldürdü və onu öldürdülər. Bu məndəndir, mən də ondanam". O, bunu iki və ya üç dəfə təkrarladı, sonra Culeybibi (radıyəllahu anhu) əllərinə götürdü və onun peyğəmbərin (salləllahu aleyhi və səlləm) əllərindən daha yaxşı yatağı olmadı. Qəbr qazıldıqdan sonra peyğəmbər özü onu qəbrə qoydu. Culeybibin (radıyəllahu anhu) cəsədi yuyulmadı, çünki şəhidlərin cəsədlərini yumurlar. Sabit (Allah ondan razı olsun) deyir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) o qız (Culeybibin zövcəsi) (radıyəllahu anhumə) üçün bu duanı etdi: "Allahım, onun üzərinə xeyri yağdır və onun həyatını çətin və sıxıntılı etmə!" Ənsarların dul qadınları arasında evlənmək üçün ən çox istənilən o qız idi". (Muslim).