Uzun-uzadı ümidlərə qapılmaq olarmı?

    21.12.2014
Kimdən: 
Aybəniz
Sual: 
Salam aleykum. Uzun-uzadı ümidlərə qapılmaq olarmı?
Cavab: 

Aleykum salam. Bu xüsusda Uca Allah Qurani Kərimdə belə buyurur: "Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər". (əl-Hicr, 3).
Əli ibn Əbu Talib (radıyəllahu anhu) belə rəvayət edir: "Sizin üçün ən qorxduğum şey nəfslərinizə tabe olmadığınız və uzun-uzadı ümidlərə qapılmağınızdır. Çünki istəklərə tabe olmaq haqdan uzaqlaşdırar, ümidlərə qapılmaq isə axirəti unutdurar". (İbn Həcər əl-Əsqaləni: "Fəthul-Bari" kitabı, 11/236). 
Digər bir rəvayətdə isə qeyd olunur ki, "dörd cür sıxıntı var: tənbəllik, qəlbin sərtliyi, ümidlərə qapılmaq və dünyaya hərislik". "Arzulara qapılmaq itaətdə tənbəlliyə, tövbəni gecikdirməyə, dünyaya qarşı həris olmağa, axirəti unutmağa və qəlbin pas atmasına gətirib çıxarır. Ölümü, qəbri, savabı, əzabı və Qiyamətin hallarını xatırlamaqla qəlb aydınlanar, canlanar. Uca Allah buyurur: "Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?" (əl-Hədid, 16).
Rəvayətlərin birində belə deyilir: "Kim öz istək və arzularını azaldarsa, onun dərdi-qəmi də azalar, qəlbi nurlanar. Çünki ölüm yaxınlaşdıqca, insan özünü həqiqətən də itaətkar bəndə kimi aparar". (Fəthul-Bari, 11/237).

Paylaş: