Halallıq nə zaman alınır?
Aleykum salam. Halallıq kiminsə haqqı tapdalandığı halda alınır. Məsələn, qeybətini etmək, barəsində pis zənndə olmaq, şər-böhtan atmaq, haqsız yerə vurmaq, lağ etmək, xoşa gəlməyən ləqəb və adlarla çağırmaq, söymək, təhqir etmək, borc alıb qaytara bilməyəndə, ziyan vuranda, barəsində yalan danışmaq, aldatmaq, qorxutmaq, təcavüz eləmək və s. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan söyləməz və ona yardımını tərk etməz. Hər müsəlmanın digər müsəlmana şərəfi-namusu, malı və qanı haramdır, (əli ilə qəlbini göstərərək) təqva (Allahdan qorxu) buradadır. Bir kimsəyə şər olaraq müsəlman qardaşını xor görməsi yetər". (ət-Tirmizi: "Birr", 18; Muslim: "Birr", 32; əl-Buxari: "Ədəb", 57).
"Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!" (əl-Buxari).
Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) səhabələrinə demişdir: "Bilirsinizmi müflis kimdir?", səhabələr (radıyəllahu anhum) dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Bunun üzərinə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüş. Bundan dolayı onun yaxşılıqlarından bütün haq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır". (ət-Tirmizi, 4/36). Həmçinin oxuyun: Qul haqqı barədə