Qeysəriyyə əməliyyatı etdirmək olarmı?

    25.12.2014
Sual: 
Salam aleykum.Qeyseriyye emeliyyati etmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Qeysəriyyə -- təbii doğuşun təhlükəli olduğu hallarda ananın qarın divarının yarılaraq uşağın götürülməsi əməliyyatıdır. Cift uşaqlığın aşağı hissəsində olduqda, dölün oksigen çatışmazlığı, çanaqda şişlər olduqda, yüksək qan təzyiqi, əkizlər bitişik olduqda (siam əkizləri), döl anomal böyük olduqda, qanaxma, ana və körpənin həyatı üçün digər təhlükələr yarandıqda edilir.

Təbii doğuş ana üçün daha faydalıdır, lakin inanılmış, peşəkar həkimlər təkid etdikdə qeysəriyyə əməliyyatı edilməlidir və bunda günah yoxdur. Amma bu əməliyyat yalnız ehtiyac olduğu halda edilməlidir. Bəzən qadınlar bədən quruluşunu itirməmək və ya doğuş sancısını hiss etməmək üçün bunu edirlər. Bəzi həkimlər isə əlavə pul qazanmaq məqsədilə təbii doğuşun mümkün olduğu hallarda da qeysəriyyə etməyi məsləhət görürlər. Bu kimi zərurət olmayan hallarda bu əməliyyatı etmək qadağandır.

Uca Allah buyurur: "Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı". (Əbəsə, 19-20).
Göründüyü kimi Uca Allah doğuşun asan olacağını söyləmişdir, lakin şeytan insanlara vəsvəsə verərək tələsdirir. Bunun aşağıdakı zərərləri var:

  1. Qeysəriyyə əməliyyatı etdikdən sonra növbəti doğuşlar hamısı bu əməliyyatla olmalıdır, çünki təbii doğuşda əməliyyat olunmuş yer cırıla bilər. Həmçinin anaya çox övlad dünyaya gətirmək qadağan edilir
  2. Təbii doğuş keçirmək sağlamlıq üçün xeyirli, hətta bəzi xəstəliklərin müalicəsi üsuludur, qeysəriyyə isə əksinə, sağlamlığa ziyandır
  3. Təbii doğuşun sancısına dözmək günahlar üçün kəffarədir
  4. Ananın uşağına sevgisi daha çox olur, çünki çətinliklə əldə edilən şey daha sevimli olur
  5. Əməliyyat risklərlə müşayət olunur, çünki uşaqlıq divarı zəiflədiyi üçün cırıla bilər

Allah daha yaxşı bilir.

Paylaş: