Dua edərkən gözlərin yaşarması barədə

    02.01.2015
Sual: 
Salam.Mən namazdan sonra dua edərkən gözlərim yaşarır. Özümdən asılı deyil,Çox narahatam bu günahmıdır? İndidən Allah razı olsun.
Cavab: 

Aleykum salam. Əksinə, Allahı yad edərkən ağlamaq bəyənilən, savabı böyük olan əməllərdəndir.
"...Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır". (Məryəm, 58).
"Onlar üzüqoylu düşüb ağlayır və (bu ayələr) onların itaətini artırır". (əl-İsra, 109).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah qorxusundan ağlayan kəsin Cəhənnəmə girməsi südün əmcəyə geri qayıtması kimi mümkün deyil. Allah yolunda (cihad zamanı) qaldırılmış tozla Cəhənnəmin tüstüsü heç vaxt bir yerdə olmaz". (ət-Tirmizi; ən-Nəsai).
"Allaha iki damla və iki izdən sevimli bir şey yoxdur. (Bu damlalar) Allah qorxusundan axan göz yaşı və Allah yolunda axan qan damlası. İki iz isə biri Allah yolundakı qazanılan iz, digəri isə Uca Allahın fərzlərindən (yerinə yetirərkən) qalan iz". (ət-Tirmizi).
Abdullah ibn əş-Şixxir (radıyallahu anhu) belə demişdir: "Allah Rəsulu (salləllahu aleyhi və səlləm) namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi". (Əbu Davud "Salat", 158).
Ərbad ibn Sariyə (radıyəllahu anhu) demişdir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə elə bil moizə etdi ki, gözlərdən yaşlar axdı və qəlblər hüznlə-kədərlə doldu….". (İmam Əhməd; ət-Tirmizi).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allahdan qorxuram!" - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Muslim, 1031, 1712).

Teqlər: 
Paylaş: