Müqəddəs Quranın adları
Uca Allah öz kitabına fərqli adlar qoymuşdur. Bu adların ən məşhurları aşağıdakı beş addır:
1. Quran Uca Allah buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir". (əl-Bəqərə, 185).
Quran sözü qara`a felindən əmələ gəlmişdir. Qara`a felinin mənası isə cəm etmək və oxumaq deməkdir. Allahın kitabına bu adın verilməsinin hikməti Quranın hər şeyi özündə cəm etməsinə, Quranın yer üzərində ən çox nəşr edilən və oxunan kitab olmasına görədir. Belə ki, Quran keçmiş, indiki və gələcək zamanı, bəşəriyyətin tarixini və sonunu, Adəmdən Xatəmə doğru olan bütün peyğəmbərlərin dövrlərini əhatə edir və onlara göndərilən kitabların hamısını özündə cəm edir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: "Mənə Tövratın yerinə yeddi böyük (əl-Bəqərə, Ali-İmran, ən-Nisə, əl-Məidə, əl-Ənam, əl-Əraf və əl-Kəhf surələri), Zəburun yerinə yüz (və daha çox ayədən ibarət olan surələr), İncilin yerinə əl-Məsəni (əl-Fatihə surəsi) verildi və mənə müfəssəl (əl-Hucurat surəsindən Quranın axırına qədər olan) surələrlə üstünlük verildi". (İmam Əhməd: "Musnən" əsəri 17023-cü hədis).
2. Furqan Bu sözün mənası ayırd edən deməkdir. Uca Allah buyurur: "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!" (əl-Furqan, 1).
Qurana bu adın verilməsi onun haqqı batildən, xeyiri şərdən, doğru yolu zəlalətdən, mömini kafirdən, halalı haramdan ayırd etməsinə görədir.
3. Kitab Uca Allah buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!" (əl-Kəhf, 1).
Kitab sözü yazı deməkdir. Belə ki, Quran Muhəmməd Peyğəmbərə (salləllahu aleyhi və səlləm) iyirmi üç il ərzində nazil edilərək səhabələr tərəfindən yazılmışdır. Kitab sözünün başqa mənası isə toplamaq deməkdir. Qurana bu adın verilməsi onun surələri, ayələri, sözləri və hərfləri toplamasına görədir.
4. Zikr Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9).
Bu sözün mənası yada salma, xatırlama deməkdir. Qurana bu adın verilməsi onun ilahi qayda-qanunları, əmr və qadağaları insanlara xatırlatmasına görədir. Həmçinin, Qurana bu adın verilməsi ona iman gətirənləri şərəfləndirdiyinə görədir. Uca Allah buyurur: "Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir (zikrdir). Siz sorğu-suala tutulacaqsınız". (əz-Zuxruf, 44).
5. Tənzil Bu sözün mənası nazil edilmə deməkdir. Uca Allah buyurur: "Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir" (əş-Şuəra, 192).
İslam alimləri müqəddəs Quranın Burhan (dəlil-sübut), Haqq, Nur, Huda (doğru yol göstəricisi) kimi başqa adlarını da qeyd etmişlər. Quranın səhifələrini və nümunələrini Mushəf adlandırılmasına gəlincə, bu söz Quranın adlarından sayılmır. Müsəlmanlar Quran səhifələrini üçüncü rəşidi xəlifə Osman ibn Əffanın (Allah ondan razı olsun) hakimiyyəti dövründə Mushaf adlandırmağa başladılar. Çünki, onlar "Quran" sözünün cəm şəkildə istifadə edilməsinin mümkün olmadığını hesab etdilər.