Quranda və səhih hədislərdə yuxu yozma haqqında məlumat verilirmi?

    23.01.2015
Kimdən: 
Musab ibn Umeyr
Sual: 
Salamun Aleykum .. Qurani Kərim`də yuxu yozma və yuxu baresinde hansı aye ve hedisler var , ve bu barede Sehih hedisler gelibmidir?
Cavab: 

Aleykum salam. Quran və səhih hədislərdə peyğəmbərlərin, səhabələrin və digər elmli insanların yuxu yozması haqqında məlumatlar verilir. Məsələn, Yusuf surəsində Yaqubun və Yusufun (Allahın onlara salamı olsun) yuxu yozması, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) "Yuxu­da mənə saçları dağınıq bir zənci qadının Mədinədən yola düşüb Məhyaədə (yəni Cuhfədə) dayandığı göstərildi. Mən bu yuxunu Mədinədə yayılmış və­ba xəstəliyinin o yerlərə getməsinə yozdum" hədisi (əl-Buxari, 7038) və s.

Yuxunun növləri. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yuxular üç növdür: Allahdan olan yuxu, Şeytandan olan qəmginlik gətirən yuxu, insanın oyaq olarkən fikirləşdiyi şeyləri yatarkən yuxuda görməsi". (əl-Buxari, 6499; Muslim, 4200).
"Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985).

Doğru yuxuları kimlər görür? Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlik­dən yal­nız müjdələr qalmışdır". Səhabələr (Allah onlardan razı olsun): "Müj­dələr nədir?" - deyə soruşdular. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm): "Gözəl yuxudur!" - deyə ca­vab verdi". (əl-Buxari, 6990).
"Yuxunun doğruluğu yuxu görənin səmimiyyətindən asılıdır. Ən doğru yuxu görənlər danışığında ən doğru olanlardır". (Muslim, 4200).
Alimlər demişlər: Kim doğru yuxu görmək istəyirsə, doğru danışsın, Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrlərini yerinə yetirsin, qadağan etdiyi şeylərdən çəkinsin, Allahı çox zikr etsin.

Yuxu yozma haqqında. Allah və Onun Rəsulu (salləllahu aleyhi və səlləm) yuxuları mütləq yozmağı, yuxulara görə hərəkət etməyi bizə əmr etməmişlər. Yuxu yozmağa gəldikdə isə, bunu ancaq bu sahədə bilikli adamlar etməlidirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir ki: "Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir". Məşhur İslam alimi imam Malikdən (rahiməhullahu): "Hər kəs yuxunu yoza bilərmi?" - deyə soruşduqda, o belə cavab vermişdir: "Peyğəmbərliklə oynamaq olarmı? Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun". 

Yuxu yozmalarına aid misallar. Alimlərə görə yuxular müxtəlif üsullarla yozulur: Quran və Sünnənin işığında, xalq arasında yayılmış deyimlərə əsasən, adların mənasına görə, bənzətmələrlə, yaxud əks mənalarla.

  • Quran və Sünnə işığında yozma: Məsələn, deyilənə görə yuxuda ip görmək sadiqliyə və vəfaya dəlalət edir, çünki Quranda "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İman, 103) ayəsində əmr edilir .
  • Deyimlərə əsasən yozma: Quyu qazmaq sui-qəsd mənasını verir, çünki belə deyim var: "Özgəsinə quyu qazan özü düşər".
  • Adların mənasına görə: Yuxuda Raşid adlı adam görmək müdriklik mənası verir.
  • Əks məna ilə yozma: Məsələn, yuxuda qorxmaq arxayınlıq bildirir, çünki Uca Allah buyurur: "Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir". (ən-Nur, 55).

Həmçinin, yuxu yuxunun və yuxu görənin halına uyğun olaraq yozulur.
İstifadəçilərimizə bizə yuxu yozumları haqqında sual verməmələrini xahiş edirik, çünki bu sahədə bilikli deyilik.

Həmçinin oxuyun: Yuxu haqqında

Paylaş: