Hər hansı bir şəxsi Allahdan çox sevməyə icazə verilirmi?

    13.01.2015
Kimdən: 
Cəlal
Sual: 
Salam.Bir şəxsi Allahdan çox sevmək günahdır? İslam dini buna necə baxır?
Cavab: 

Aleykum salam. Xeyir, hər hansı bir şəxsi Uca Allahdan çox sevmək olmaz və bu cür sevgi insanı küfrə, şirkə apa bilər. Uca Allah buyurur: "İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər". (əl-Bəqərə, 165).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).

Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Kimdə bu üç xüsusiyyət (xislət) olarsa o insan, imanın şirinliyini, ləzzətini, dadını dadmış olar: Allah və Rəsulunu, (bu ikisindən başqa) hər kəsdən çox sevmək, Sevdiyini Allah üçün sevmək, Allah özünü küfr bataqlığından qurtardıqdan sonra təkrar küfrə dönməyi, atəşə atılmaq kimi çirkin və təhlükəli görmək". (əl-Buxari "İman", 2/9, 1/9).
Başqa bir rəvayətdə isə belə buyurulur: "Bir bədəvi ərəb Rəsulullaha (salləllahu aleyhi və səlləm): Qiyamət nə vaxt qopacaq? deyə soruşdu, peyğəmbərimiz isə belə buyurdu: "Qiyamət günü üçün nə hazırlamısan?" Allah və Rəsulunun sevgisini, dedi. Bunun üzərinə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "O halda sən, sevdiyin ilə bərabərsən" buyurdu". (Muslim "Birr və Sılə", 45/50; 3/2032).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz (bütün bunlardan sevimli olmadıqca)". (əl-Buxari 15; Muslim 44; İbn Məcəh, 67; əd-Darimi, 2741; İmam Əhməd "Musnəd", 3/207, 275, 278).
Abdullah ibn Hişam (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Bu an Ömərin (Allah ondan razı olsun) əlini tutmuşdu. Ömər (Allah ondan razı olsun): "Ey Allahın Rəsulu! Şübhəsiz mən səni öz nəfsimdən başqa hər şeydən çox sevirəm" - deedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Nəfsim əlində olana and olsun ki, öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz" - deyə buyurdu. Ömər (Allah ondan razı olsun): "Allaha and olsun ki, bu andan etibarən səni öz canımdan daha çox sevirəm" - dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "İndi oldu, Ey Ömər!" - deyə buyurdu. "Peyğəmbər möminlərə öz nəfislərindən də yaxındır". (əl-Əhzab 6)". (əl-Buxari, 6632).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar". (İmam Əhməd, 3/ 438, 440; Əbu Davud, 4681; ət-Tirmizi,  2521; əl-Albani "Səhih Hədislər Silsiləsi", 380, "Səhih Camius-Sağir", 5965, "Mişkətul-Məsabih", 30, 31).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahın dostluğuna yalnız – Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dost olan və Allah üçün düşmənlik edən nail ola bilər. Belə olmadıqca imanın dadını almış olmaz. İnsanlar arasında qardaşlıq yalnız dünya malına görə olmuşdur. Bu isə əhlinə heç bir fayda gətirməz". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 12/417; Əbu Nuaym "Hilyə", 1/312; İbn Mubarək "Zuhd", 337; İbn Əbid-Dunyə "İxvan" 22, əl-Albani "Səhih", 1728).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: "Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar". (Muslim, 34).

 

Paylaş: