Şəriətə görə saqqal saxlamaq vacibdirmi?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Saqqal saxlamaq Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əmri olduğu üçün vacib əməllərdən sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlman kişilərə saqqal saxlamağı buyuraraq belə demişdir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Səhih Muslim, 260). Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "On şey fitrətdəndir: Bığları qısaltmaq; saqqal saxlamaq; misvak ilə ağzı, dişləri təmizləmək; su ilə burnu təmizləmək; dırnaqları kəsmək; kir yığılan yerləri yumaq; qoltuq altındakı qılları yolmaq; övrət yerini qırxmaq; ayaqyoluna getdikdən nəcasət yolunu su ilə yuyaraq təmizləmək". (Muslim "Təharət", 56).
Bəzi alimlərə görə saqqalın ən az həddi bir ovuc və ya dörd barmaqdır. (İbn Humməm: "Fəthu-l-Qadir", 2/77; İbn Abidin, 2/113, əl-Cəzəri, 2/44). Uca Allah Quranda digər peyğəmbərlərin (Allahın onlara salamı olsun) də saqqalı olmasını bildirmişdir: "(Harun, qardaşı Musaya) belə cavab verdi: "Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: "İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!" - deyəcəyindən qorxdum". (Ta Hə, 94).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...". (Ali İmran, 31).