Allahın kəlamı nə ilə fərqlənir?

    06.01.2014

Qurana iman gətirmək və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olmaq istəməyən müşrik ərəblərə öz əməllərinə haqq qazandırmaq və Muhəmmədin söylədiklərini təkzib etmək fürsəti verilmişdir. Bundan ötrü onlar Qurana bənzər sadəcə üç ayə uydurmalıydılar. Uca Allah buyurur: "Yoxsa: "(Muhəmməd) onu özündən uydurdu!" - deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!" (Yunus, 38). Buna baxmayaraq müşriklər bu çağırışa cavab verə bilmədilər və Quran ayələrinin kamil və bənzərsiz olduğunu qəbul etdilər. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə yaşayan savadlı insanlar Quran ayələrini eşitdikdə bəsirət gözləri açılır və onlar Rəblərinin yoluna üz tuturdular. Quran ayələri oxunduqda Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) kimi görkəmli səhabə İslamı qəbul etmişdir. Dövrünün ən məşhur şairi ət-Tufeyl ibn Amr əd-Dausi surələrin oxunuşunu Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dilindən eşitdikdə ona iman gətirmişdir. Quran ifadələrinin bəlağəti, quruluşunun nizamı, mənalarının hikməti, sübutlarının sadəliyi və doğruluğu ilə hətta ən qatı kafirlərə möcüzəli təsir göstərirdi. Bəs nəyə görə aralarında çoxlu natiqlərin və şairlərin olmasına baxmayaraq Quran ayələri müşriklərə belə güclü təsir göstərirdi? Habelə Quran ayələri ilə ərəb nəsri və şeiri arasındakı fərq nədən ibarət olmuşdur? Bu suallara cavab vermək üçün biz ilk növbədə cahiliyyət dövrünün ərəb ədəbiyyatı ilə tanış olmalıyıq. Məlumdur ki, ərəb ədəbiyyatı nəsr və şeirdən ibarətdir. Şeir əsərləri müəyyən ölçü və qafiyə ilə fərqlənir. Ərəblər on altı növ şeir vəznlərindən istifadə edirdilər. Onlar bu vəznləri "bəhr" (dəniz) adlandırırdılar. Bu şeir vəznlərinə təvil, bəsit, vafir, kamil, racs, xafif, xazəc, mutəqarib, munsarix, muqtətəb, mutədarak, mədid, muctas, raml, xabəb və sariə aiddir. Nəsr şeirdən şeir vəznlərinin olmaması ilə fərqlənir. Bəzi ərəb müəllifləri qafiyəli nəsr əsərləri yaratmışlar. Qafiyəli nəsr hər tərəfi və ya cüt-cüt qafiyəli cümlələrdən ibarət idi. Ərəblər öz dillərini yaxşı bilir, şeiriyyata qiymət verir və onu anlayırdılar. Onlar Taif şəhərinin yanında yerləşən Ukaz deyilən vahədə hər il keçirilən yarmarkada şeir yarışları keçirirdilər. Yeddi qəsidə ərəb şeiriyyatının şah əsəri hesab edilir. Onlar bu qəsidələri Kəbə divarlarının üstünə asmış və onları "muəlləqat" (asılmışlar) adlandırmışdılar. Onların müəllifləri bu yeddi məşhur bədəvi şairləri olmuşdur: İmrul-Keys, Tarafa ibn əl-Abd, Zuheyr ibn Əbu Sulma, Antara ibn Şəddəd, Ləbid, əl-Xaris ibn Xilliza və Amr ibn Kulsum. Beləliklə, Uca Allah Quranı söz sənətinin dəyərini bilən, ərəb bədii əsər növlərindən başı çıxan, fikiri gözəl şəkildə ifadə etməyi və şeir yaratmağı ən böyük üstünlük hesab edən insanlara göndərmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu insanları doğru yola dəvət etməli və bu işdə Qurani Kərim onun həqiqi peyğəmbərliyini sübut etməli idi. Quran şeir əsəri deyildir, lakin onda həm qafiyəli, həm də sərbəst cümlələr bir-biri ilə ahəng təşkil edir. Bəzi ayələrin qafiyələri müntəzəm qafiyəyə salınmış nəsri xatırladır, bəziləri isə qüvvəsinə və sürətinə görə rəcəzə çox oxşayır. Quran nə nəsr əsəri, nə də adi insan nitqidir. Bunu yaxşı dərk etdiklərinə görə ərəblər Uca Allahın çağırışına cavab olaraq elə bir əsər yaratmalıydılar ki, nə bu on altı şeir növünə, nə qafiyəli nəsrə, nə adi insan nitqinə, nə kahin və falçıların müəmmalı və qarmaqarışıq danışığına, nə də azğın mütəfəkkirlərin uzun və təmtəraqlı danışığına uyğun gəlməsin. Bu isə mümkün deyildir. Uca Allah buyurur: "Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin". (əl-Bəqərə, 23-24).

Paylaş: