Allah rəhmətinin genişliyi haqqında yaza bilərsinizmi?
Aleykum salam. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
"Rəbbin Bağışlayandır, (geniş) mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər". (əl-Kəhf, 58).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurdu: "Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm". (ət-Tirmizi, 3540).
"Rəbbiniz həqiqətən çox mərhəmətlidir. Kim içindən bir yaxşılıq etməyi keçirər, onu etməzsə, ona bir yaxşılıq savabı yazılar. Əgər onu etsə, on qatından yeddi yüz qatına hətta qat qat çoxuna qədər yaxşılıq savabı yazılar. Kim də içindən bir pislik etməyi keçirər və onu etməzsə, ona bir yaxşılıq savabı yazılar. Əgər onu etsə, bir pislik günahı yazılar və ya Allah onu silər". (əd-Darimi "Riqaq", 70).
"Allah məxluqatı yaratdığı vaxt, öz nəzdində ərşin üstündə olan kitabına "Rəhmətim qəzəbimə üstün gəldi" deyə yazdı". (əl-Buxari "Tovhid", 15, 22, 28 55; Muslim "Tovbə", 14-16).
"Allahın rəhməti yüzdür. Bunlardan birini insanlar, cinlər, heyvanlar və böcəklər arasına endirmişdir. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinin hallarına acıyarlar. Vəhşi heyvan balasına bu səbəblə şəfqət göstərər. Allah geri qalan doxsan doqquz rəhmətni isə qiyamət günü qullarına mərhəmət etmək üçün öz qatında saxlamışdır". (əl-Buxari "Ədəb", 19; Muslim "Tovbə", 17).
Bunlar o demək deyil ki, Uca Allahın mərhəmətinə ümid edib günah işlər görmək olar. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə arxayınlaşdırıb tovlamasın!" (Loğman, 33).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?