Qadına ögey oğlu və ya ögey atası məhrəmdirmi?

    31.01.2015
Sual: 
Salam aleykum. Qadına ögey oğlu və ya ögey atası məhrəmdir?
Cavab: 

Aleykum salam. Burada müxtəlif hallar var.
Ögey oğul barədə:

  1. Ögey oğul dedikdə qadının ərinin başqa qadından olan oğlu nəzərdə tutulursa, məhrəm sayılır və qadın onun yanında hicabı aça bilər. Uca Allah buyurur: "... Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər ...". (ən-Nur, 31). Həmçinin buyurur: "Olub-keçənlər istisna ol-maqla (bundan sonra) atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur". (ən-Nisə, 22). Əgər ataları evləndiyi qadınlarla evlənmək oğullara qadağandırsa, deməli həmin qadınlar onlara məhrəmdirlər.
  2. Ögey oğul dedikdə qadının ərinin başqa qadından olan oğlu yox, başqası, məsələn, kişi ilə qadının uşaq evindən götürərək saxladıqları uşaq nəzərdə tutulursa, bu halda həmin oğlan qadına naməhrəm sayılır və əgər oğlan həddi-büluğ yaşına çatıbsa, qadın onun yanında hicabda olmalıdır. Burada bir istisna var: Əgər qadın həmin uşağı 2 yaşına qədərki müddətdə əmizdiribsə, bu halda məhrəm sayılır və onun yanında hicabı aça bilər. Bunun dəlili növbəti bənddəki ayədə "sizi əmizdirən süd analarınız" sözünün keçməsidir.

Ögey ata barədə:

  1. Ögey ata dedikdə qadının, qızın anasının sonradan evləndiyi kişi nəzərdə tutulursa, məhrəm sayılır və onun yanında hicabı aça bilər. Uca Allah buyurur: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nisə, 23). Göründüyü kimi, ayədə qızın anası ilə həmin ögey ata cinsi əlaqədə olması şərti qoyulur.
  2. Ögey ata dedikdə qadının, qızın anasının sonradan evləndiyi kişi yox, başqası nəzərdə tutulursa, məsələn, qız uşaq ikən onu uşaq evindən başqa ərlə arvad himayələrinə götürərək saxlayıblarsa, bu halda həmin kişi bu qız üçün naməhrəmdir və onun yanında hicabda olmalıdır. Burada da bir istisna hal var ki, həmin qız körpə ikən kişinin arvadı, bacısı və ya anası 2 yaşına qədər olan müddətdə onu əmizdiriblərsə, bu halda məhrəm sayılır və onun yanında hicabı aça bilər.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır". (əl-Buxari, 9/139, №: 5099; Muslim, 2/1068, №: 1444; ət-Tirmizi, 2/307, №: 1157; Əbu Dəvud: 6/53, №: 2041; ən-Nəsəi, 6/99).
Həmçinin buyurmuşdur: "Süd əmizdirmə müddətində və süddən kəsilmədən öncə, mədəni dolduran südvermə haram (məhrəm) edir". (ət-Tirmizi, 1/311, №: 1162).
Həmçinin oxuyun: Naməhrəm və məhrəmlər haqda

Teqlər: 
Paylaş: