Cənnət və Cəhənnəm əhli bir-birlərini görəcəklərmi?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuh. Aşağıdakı ayələrə əsasən Cənnət və Cəhənnəm əhli bir-birini görəcəklər. Uca Allah buyurur: "Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?" Onlar: "Bəli!" - deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!" (əl-Əraf, 44).
Həmçinin buyur: "Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək: "Mənim bir yoldaşım var idi. O deyirdi: "Sən də inananlardansan? Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?" O (sözünə) (davam edib) deyəcək: "Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?" O özü baxıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım. Doğrudanmı biz bir daha ölməyəcəyik – ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?" Həqiqətən, bu, böyük uğurdur. Qoy çalışanlar bunun üçün çalışsınlar!" (əs-Saffət, 50-61).
Cənnət və Cəhənnəmin bir-birinə yaxın və ya uzaq olması haqqında məlumatımız yoxdur.