"Bu dünya mömin zindanı, kafirin isə Cənnətidir" hədisini izah edə bilərsinizmi?
Salam aleykum. Əbu Hureyrədən (Allah ondan razı olsun) gələn rəvayətə görə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; İmam Əhməd, 8272; ət-Tirmizi, 2426; İbn Məcəh, 4113).
Böyük islam alimi və Misirin ali hakimi olmuş İbn Həcər əl-Əsqaləni (Allah ona rəhmət etsin) bir gün küçə ilə gedərkən qarşısına kasıb bir yəhudi çıxdı. Yəhudi ona "Dayan!" deyərək İbn Həcəri (rahiməhullahu) saxlatdı və dedi:
- Sən peyğəmbərinizin (salləllahu aleyhi və səlləm) bu sözünü mənə necə izah edə bilərsən? "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir!". Bax, mən kafirəm, lakin kasıbam. Sən isə möminsən, lakin var-dövlət içindəsən!
İbn Həcər (rahiməhullahu) buyurdu:
- Əgər sən kafir kimi ölsən, Axirətdəki əzablarla müqayisədə bu dünyada Cənnət həyatı yaşayırsan. Mənə gəldikdə isə Uca Allah məni Cənnətə salsa, oradakı səadət və xoşbəxtçilikilə müqayisədə, bütün dünya nemətləri zindan kimi görünəcək.
Bu sözləri eşidən yəhudi şəhadət gətirərək, İslam dinini qəbul etdi! (İbn Həcərin "Xəyal və Həqiqət" kitabından).