Dində çox dərinə getmədən orta yol tutmaq olarmı?

    11.02.2015
Sual: 
Salam Aleykum ve Rahmatullahi ve Berekatahu..Dinde cox derine getmeden oRtA yol tutmaq olarmi...
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Dində dərinə getmək dedikdə dini dərindən öyrənməyi nəzərdə tutursunuzsa, bəli, dərinə getməyə bilərsiniz, çünki dərindən bilmək və ya alim olmaq hər kəsə vacib deyil. Amma hər kəs Allahın və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vacib buyurduğu əmrləri və qadağan etdiyi şeyləri öyrənməli və əməl etməlidir.
Həmçinin dində orta yolda olmaq dedikdə ifrata vararaq Allahın qoyduğu həddi aşmaması, həmçinin Allahın əmrlərinə laqeyd yanaşmaması nəzərdə tutulur. Dində orta mövqedə olmaq peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını örnək alıb yaşamaqdır, dində ifratçılıq onun (salləllahu aleyhi və səlləm) həyatını örnək almaqda həddini aşmaq, dində naqislik isə onun (salləllahu aleyhi və səlləm) həyatına biganə qalmaq və ondan örnək almamaqdır. Məsələn, bir adam desə ki, "mən gecəni oyaq qalıb bütün günləri yatmayacam, namaz ən fəzilətli ibadətlərdən biri olduğu üçün bütün gecəni namaz qılmaqla keçirəcəm", onda o, Allahın dinində ifrata yol vermiş olar. Buna oxşar bir hadisə peyğəmbərin dövründə də baş vermişdir. Bir qrup adam bir yerə toplaşdılar. Onlardan biri: "Mən gecələri yatmayıb namaz qılacam", digəri: "mən oruc tutacam və orucsuz gün keçirməyəcəm", üçüncüsü isə: "mən qadınlarla evlənməyəcəm" - dedi. Bu xəbər peyğəmbərə yetişdikdə, o, dedi: "Bu sözləri deyən camaata nə olub? Mən oruc tuturam da, tutmuram da. Gecəni namaz qılaraq keçirirəm də, yatıram da. Eləcə də qadınlarla evlənirəm. Kim sünnətimdən üz döndərərsə məndən deyil". (əl-Buxari.)

Dində ifrata varmaq deyildikdə bəzən aşağıdakı məsələlər də nəzərdə tutula bilər:
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Dində xırdaçılıq edənlər, ifrata varanlar həlak oldular. O bunu üç dəfə təkrar etdi". (Muslim, 2670).
Burada xırda məsələləri böyütmək nəzərdə tutulmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dində  həd­dinizi aşmaqdan çəkinin, çünki bu sizdən əvvəlkiləri həlak et­­mişdir". (Əhməd, İbn Məcəh və başqaları). Burada isə xristianların İsanı ucaltmaları kimi, peyğəmbərləri və saleh insanları lazım olandan daha uca tutanlar nəzərdə tutulmuşdur. Daha ətraflı: Dində həddinizi aşmaqdan çəkinin!

Quranda orta yol tutmağa aid bəzi ayələr:
"...Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut". (əl-İsra, 110).
"Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar". (əl-Furqan, 67).
"Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan". (əl-İsra, 29).
"...Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir". (əl-Əraf, 31).
"Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir". (Loğman, 19).
"Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun". (əl-Bəqərə, 143). 

Amma dini dərindən öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (əz-Zumər, 9), "Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar". (Fatir, 28).
Paylaş: