Hicamə - qan alma üsulu ilə müalicə
Hicamə sözü sormaq deməkdir. Hicamə müalicə məqsədi ilə başın və ya bədənin müəyyən yerlərini neştərlə və ya hər hansı bir kəsici alətlə kəsərək qan çıxartmağa deyilir.
Hicamə üsulu ilə müalicə qədim dövrlərdə Çində və Babildə geniş istifadə olunurdu. O vaxtlar insanlar bu məqsədlə dəmir camdan və ya öküzün buynuzundan istifadə edirdilər. Bunları dərinin üzərinə qoyduqdan sonra içərisindəki havanı sorub qan alırdılar. Müasir dövrdə isə şüşə və vakuum bankalardan istifadə olunur.
Hicamə bir çox xəstəliklərin müalicəsində möcüzəvi təsirə malikdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dəfələrlə bədənindən qan aldırmış və ümmətinə də bunu tövsiyə etmişdir. Allah Elçisi demişdir: “Merac gecəsi hansı mələk toplusunun yanından keçirdimsə, hamısı mənə belə deyirdilər: “Ey Muhəmməd, qan aldır!” (İbn Məcə, 3606). Digər rəvayətdə isə: “Ümmətinə qan aldırmağı əmr et!” deyilir. (İbn Məcə, 3608).
Həmçinin demişdir: “Müalicə üçün istifadə etdiyiniz vasitələrin ən yaxşısı bir içim balda, qan almaq üçün banka qoymaqda və müalicə məqsədilə bədənə dağ basmaqdadır. Buna rəğmən mən dağ basdırmağı sevmirəm.” (əl-Buxari, 5683).
Peyğəmbərin qan aldırması
Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər boyun damarlarından və süysünündən qan aldırardı. Peyğəmbər ayın on yeddisi, on doqquzu və iyirmi biri qan aldırardı.”(Tirmizi, 2052). Süysün boynun bel sütunu ilə birləşən hissəsinə deyilir.
O, həmçinin, demişdir: “Kim ayın on yeddisi, on doqquzu, iyirmi biri qan aldırarsa, bu (onun üçün) hər bir xəstəliyə şəfa olar”. (Əbu Davud, 3863).
Peyğəmbər qəməri aylarda, bu günlərdən birində qan aldırardı. Bu günlərdə qan aldırmaq çox faydalıdır, lakin zəruri ehtiyac olduqda istənilən vaxtda hicamə etmək olar.