Yuxuda Muhəmməd peyğəmbəri görmək haqqında

    12.01.2014
Sual: 
Salam aleykum. Mənim adım Günaydır. Sizə əvvəl də bu sualı vermişəm. Mən yuxuda Məhəmməd peyğəmbərin həm balaca vaxtını, həm də yaşlı vaxtını görmüşəm. Özü dedi ki, mən Məhəmməd Peyğəmbərəm. İndi də bir başqa yuxu görmüşəm. Mən ailəli olub ayrılmışam. Bir oğlum var. Yoldaşım isə məndən ayrıldıqdan sonra yenidən başqa bir xanımla ailə qurub. Namazda bir-iki dəfə taleyimə görə ağlamışam. Gecə mənə dedilər ki, Məhəmməd Peyğəmbər deyir ki, Günaya deyin ki, İmam Hüseyn ağa ona hirslənib. Deyir namazda ağlamasın. Mən bu yuxunun təsirindən çıxa bilmirəm. Sizcə bu nə deməkdir? Çox sağolun ki, sualımıza cavab verirsiz.
Cavab: 

Va aleykum salam. Ümumiyyətlə yuxu Uca Allahın insanda var etdiyi qəribə və sirlə dolu olan bir haldır. Uca Rəbbimiz belə buyurur: "Allah canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək  qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır!" (əz-Zumər,  42).
Yuxu yozmalarına gəldikdə isə əvvəla bilmək lazımdır ki, yuxu adi bir məsələ olmayıb peyğəmbərliyin 46-da 1 hissəsidir. Buna görə yuxu məsələsində hər kəsin bir qədər ehtiyatlı davranması gərəkdir.
İmam Malik (Allah ona rəhmət eləsin) adlı məşhur bir islam alimindən: "Hər kəs yuxunu yoza bilərmi?" - deyə soruşduqda, o: "Peyğəmbərliklə oynamaqmı istəyirlər? Yuxunu ancaq bu işi gözəl bilən kimsələr yoza bilər. Əgər bir xeyir görürsə, onu bildirsin. Xoş olmayan bir şey görərsə, ya xeyir söyləsin, ya da sussun" deyə cavab vermişdir. 
Yuxunu yalnız və yalnız Uca Allah tərəfindən bu elmdə istedad verilmiş biri yoza bilər. Ümumiyyətlə yuxu yozumu məsələsində təqvalı (yəni Allah qorxusu olan), möhkəm imanlı, ixlaslı (yəni Allah Təalaya qarşı əməllərində səmimi olan) ədalətli, düzgün və halallığı ilə tanınmış insanlara etibar etmək məsləhətdir. Bu barədə Xəlil ibn Şahin əz-Zahiri adlı rəvayətçi alim belə demişdir: "Yuxunu yozacaq adamın məharətli, təqvalı, imalı, doğru sözlü, davranışları gözəl, ixlaslı, dindarlığı və dini qorumaqla şöhrət qazanmış birisi olması vacibdir. Belə ki, doğruluğu bilinən birisi olduğundan ötəri verdiyi yozum rədd edilməməlidir. Elə bu səbəbdən Uca Allah Yusif peyğəmbərə (aleyhis-sələm) "Siddiq" (doğru danışan) ləqəbini vermişdir. Bundan əlavə yuxunu yozan adamın yozma elminin əsaslarını da bilməsi gərəkdir.
Quran ayələrinə, təfsirlərə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərinə və bu barədə daha əvvəlki alimlərin kitablarında nəql olunan rəvayətlərə əsaslanaraq yozum yolunu tutmalıdır".

Bütün bunlara əsasən onu demək olar ki, yuxulara yozum vermək bizim imkanlarımız xaricindədir. Lakin fayda üçün yuxu haqqında bəzi məlumatları qeyd etmək məqsədə uyğun olardı. Belə ki, yuxular əsasən bir neçə növ olurlar.
1. Saleh yuxu. Bu peyğəmbərliyin qırx altıda biri olub Allahın bir müjdəsidir.
2. Şeytani yuxu. Bu insanı sarsıtmaq, qorxutmaq üçün şeytan tərəfindən insana göstərdiyi yuxudur.
3. İnsanın həyatda yaşadığı gerçəklər, düşündüyü fikirlər, eşitdiyi, gördüyü məsələlərin yuxuda görülməsidir. 

Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) belə buyurub: "Yuxu üç cürdür: "Saleh yuxu. Bu Allahdan bir müjdədir. Digər bir yuxu şeytan tərəfindən insanı məyus etmək üçün göstərilir. Digər bir yuxu isə insanın özü-özünə etdiyi təlqinlərdir". (əl-Buxari, Muslim).
"Yuxu üç cürdür. Bunlardan birisi şeytanın bu yolla adəm oğlunu üzməsi üçün qorxutması və dəhşətə düşürtməsidir. Bir qismi isə adamın oyaq ikən etmək istədikləri ilə əlaqədar olub bunları yuxuda ikən görür. Bir digər qismi isə peyğəmbərliyin 46 bölümündən bir bölümdür". (İbn Məcəh).

Peyğəmbəri və ya iddia etdiyiniz kimi imamı yuxuda görməyə gəldikdə isə, yuxuda görülən şəxsin həqiqətən peyğəmbər və ya imam olduğuna əmin olmaq üçün mütləqdir ki, realda onların şəxsiyyəti və zahiri görkəmləri barədə ətraflı səhih məlumata malik olasan. Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) söylədiyi bəzi hədislərdən ilk baxışda ümumi olaraq və mütləq mənada “yuxuda peyğəmbəri (sallallahu aleyhi va səlləm) görən həqiqətən, onu görmüş olur mənası çıxır. Necə ki, hədisdə deyildiyi kimi: "Kim məni yuxuda görərsə məni görmüş olar. Çünki şeytan mənim surətimdə görünməz. Mömin gördüyü yuxu peyğəmbərliyin qırx altı hissəsindən bir hissədir". (əl-Buxari).
"Kim məni görərsə, haqqı görmüş olur. Çünki şeytan mənim surətimə girə bilməz". (əl-Buxari).

Amma bu hədislərin xüsusi izaha ehtiyac var. Bu hədisi şərh edərkən Qazi İyad (Allah ona rəhmət eləsin) islam alimi belə demişdir: "Hədisin belə bir mənaya gəlmə ehtimalı vardır ki, əgər bir adam peyğəmbəri onun həqiqi görünüşü ilə ziddiyyət təşkil etməyən həyatda sahib olduğu kimi  görərsə haqqı görmüş olur. Yox, əgər onu həqiqətindən fərqli bir şəkildə görərsə, bu yuxu təvil ediləcək (başqa mənaya uyğun yozulacaq) bir yuxu və bu yuxu həqiqəti ifadə etməyən bir yuxudur. Çünki bəzi yuxular eyni ilə görüldüyü kimi gerçəkləşər, digər bir qismi isə yozulmağa, şərh edilməyə möhtacdır. Həmçinin, peyğəmbəri (sallallahu aleyhi va səlləm) yuxuda görmək olar, amma heç kim təminat verə bilməz ki, onun söylədiyi sözlər yuxu görən tərəfindən başa düşülmüş və ya yadda saxlanılmışdır".
Bütün bunlara əsasən söyləmək olar ki, sizin yuxuda gördüyünüz Məhəmməd peyğəmbər (salləllahu aleyhi va səlləm) və ya İmam Huseyn (Allah ondan razı olsun) dəqiq olmayan bir təxmin və ya bir ehtimaldır. Bu tip yuxular çox güman ki, mənası müəmmalı olan qarışıq yuxular sırasındadır. Bu cür yuxulara “qarma-qarışıq” yuxular deyilir ki, bunlar da doğru yuxulara bənzəməklə bərabər, onlarla əlaqəsi olmayan, qarışıq olduğundan dolayı doğru yozulmayan şeytani yuxular növündəndir. Sizin bu yuxuları gördükdən sonra qorxmağa  başlamanız böyük ehtimalla bu fikri daha da gücləndirir. Ümumiyyətlə pis yuxular heç kəsə danışılmamalıdır. Cabir adlı səhabənin (Allah Ondan razı olsun) rəvayət etdiyinə görə bir gün peyğəmbər (sallallahu aleyhi va səlləm) xütbə verərkən: "Sizdən hər hansı bir kimsə pis bir yuxu gördükdə onu heç kimə xəbər verməsin!”  deyə buyurdu". (Muslim).
Əbu Sələmə (Allah ondan razı olsun) deyir ki, mən bir yuxu görmüşdüm və onun üzündən xəstələndim. Nəhayət Əbu Qatədənin (Allah ondan razı olsun) belə dediyini eşitdim ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Gözəl yuxu Allahdandır. Buna görə sizdən bir kimsə xoş bir şey görərsə, onu ancaq sevdiyi kimsələrə danışsın. Xoşuna gəlməyən bir şey görərsə, onun və şeytanın şərrindən Allaha sığınsın, üç dəfə (soluna) tüpürəcək kimi etsin və yuxusunu kimsəyə danışmasın. Bu təqdirdə  yuxunun ona zərəri olmaz". (əl-Buxari, Muslim).
Allahın Elçisi (salləllahu aleyhi va səlləm) belə buyurub: "Sizdən hər hansı biriniz sevdiyi bir yuxu görərsə, şübhəsiz ki, o Allahdandır. Bu yuxuya görə Allaha həmd etsin və yuxusunu anlatsın. Əgər bundan fərqli olan, xoşuna gəlməyən bir yuxu olarsa, şübhəsiz ki, bu şeytandandır. Şərrindən Allaha sığınsın və heç kimə anlatmasın. Bu təqdirdə yuxunun ona zərəri olmaz". (əl-Buxari).
Həmçinin peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Yuxu yozulduğu şəkildə gerçəkləşir. Bunun örnəyi isə ayağını qaldıran və onu yerə qoyacağı zamanı gözləyən kimsənin durumuna bənzəyir. Buna görə sizdən kimsə bir yuxu görsə onu, onun yaxşılığını istəyən səmimi birisinə ya da alim birisinə danışsın. Başqasına danışmasın". (əl-Hakim). 
Bu hədislər yuxunun yozulduğu  kimi çıxdığı mövzusunda açıq ifadələr daşıyır. Belə demək mümkündür ki, Uca Allah yuxunun gerçəkləşməsini təqdir etmiş isə yuxu yozanı gerçəkləşəcəyi şəkildə o yuxunu yozmasını təqdir edər. Buna görə peyğəmbər (sallallahu aleyhi va səlləm) yuxunu ancaq bu işi bilən, ya da səmimiyyətlə öyüd verən kimsələrə anlatmasını buyurmuşdur.
Ümumiyyətlə pis yuxu gördükdən sonra bunları etmək məsləhət görülür:
a) "Əuuzu billəəhi minəş-şeytaanir-raciim" deyərək gördüyün pis yuxunun şərrindən Uca Allaha sığınmaq.
b) Xoşuna gəlməyən yuxuda hazır olan şeytanı qovmaq. Onu təhqir etmək və ondan iyrənmək məqsədi ilə sol tərəfə 3 dəfə quru tüpürmək. 
c) Yatdığı tərəfdən digər tərəfə dönmək.
d) Sədəqə vermək.
e) Namaz qılmaq. (İki rükət namaz qılıb bu yuxunun şərrindən Allaha sığınmaq, dua etmək)
f) Xoşuna gəlməyən bu yuxunu kimsəyə danışmamaq və unutmağa çalışmaq.
g) Özünün də bunu yozmamağı.

Teqlər: 
Paylaş: