Namaz qılsam, Qurani Kərimi oxumağım vacibdirmi?

    15.01.2014
Sual: 
Namaz qilsam mutleqdir ki, Qurani Kerimi oxuyum? Birde ki, hicaba girsem neler etmeliyem?
Cavab: 

Salam aleykum.
1) Quran oxumaq mütləq deyil, amma Allah tərəfindən ən bəyənilən əməllərdən biri hesab olunur. Hər bir müsəlman çalışmalıdır ki, onu yaradan Rəbbinin nazil etdiyi mübarək Qurani Kərimi oxusun. Uca Allah buyurur: "Qurandan bacardığınız qədər oxuyun". (əl-Muzzəmmil, 20).
"
Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir!" (ət-Tariq, 13-14).
"Biz Quranı oxuyub yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir dərk edən varmı?" (əl-Qamər, 32).
"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır". (əl-İsra, 82). Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) Quran oxumağın fəziləti haqqında bir çox hədislər varid olmuşdur. Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurdu: "Quran oxuyan mömin dadı gözəl, ətiri gözəl portaqal meyvəsi kimidir. Quran oxumayan mömin dadı gözəl, amma ətiri olmayan xurma kimidir. Quranı oxuyan günahkar kimsə ətiri gözəl, dadı acı reyhan otu kimidir. Quran oxumayan günahkar isə dadı acı, ətiri olmayan Əbu Cəhil qarpızı kimidir". (əl-Buxari).
Əbu Hureyrə (Allah ondan razı olsun) belə deyir: Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dedi: "İki kimsədən başqasına qibtə edilməz; Biri, Allah ona Quranı öyrətmiş, o da gecənin saatları və gündüzün saatlarında onu oxuyur. Qonşusu eşidir və deyir: "Kaş Filankəsə verilən Quran neməti mənə də veriləydi, onun əməl etdiyi kimi məndə əməl edəydim". Digərinə isə Allah çoxlu mal-dövlət vermiş, o da malını Allah yolunda xərcləyir. Bunu eşidən bir nəfər: "Kaş bu Filankəsə verilən maldan mənə də veriləydi və məndə onun kimi işlədəydim" deyə qibtə edir". (əl-Buxari).
Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə dedi: "Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir". (əl-Buxari).
Əbu Umamənin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbəri (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə deyərkən eşitdim: "Quranı oxuyun, Çünki, o qiyamət günü oxuyanlarına şəfaətçi olaraq gələcək". (Muslim).
Aişə (Allah ondan arzı olsun) belə rəvayət etmişdir: "Quranı oxuyub məharət sahibi olan, hörmətli və itaətkar mələklərlə bərabərdir. Quranı oxuyan, oxunmasında kəkələyən kimsəyə isə iki mükafat vardır". (əl-Buxari və Muslim).
İbn Məsud (radıyəllahu anhu) belə rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurmuşdur: "Kim Allhın kitabından bir hərf oxuyarsa, ona bir yaxşılıq vardır. Bir yaxşılıq on qat savabdır. Mən "Əlif, Ləm, Mim" bir hərfdir demirəm. "Əlif" bir hərfdir, "Ləm" bir hərfdir, "Mim" də bir hərfdir". (ət-Tirmizi).
İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) nəql edir ki, Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurdu: "İçərisində (əzbərində) Allahın kitabından heç nə olmayan kimsə xaraba qalmış ev kimidir". (ət-Tirmizi). Quran haqqında daha ətraflı saytımızın Quran bölməsindən oxuya bilərsiniz.

2) Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) itaət etmək deməkdir. Uca Allah Özünə və Rəsuluna (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) itaət etməyi hamıya buyurmuşdur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır". (əl-Əhzəb, 36).
Hər şeyə Qadir olan Uca Allahın həmçinin qadınlara hicab geyinməyi əmr edərək belə deyir: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...". (ən-Nur, 31).
"Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər...". (əl-Əhzəb, 59).

 

Teqlər: 
Paylaş: