Fatimə niyə gecə dəfn edilib və səhabələr Əliyə qarşı çıxıblarmı?
Aleykum salam. Hər müsəlman ona fayda verəcək işlərlə məşğul olmalı, axirətdə ona ziyan verəcək şeyləri tərk etməlidir. Bu mövzuya girməsəniz, qiyamət günü sizə veriləcək suallar içərisində səhabələrin arasında baş vermiş ixtilaflar olmayacaq. Uca Allah buyurur: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız". (əl-Bəqərə, 134).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç mövzu vardır ki, onlar barədə söhbət düşdükdə susun. Onlar -- səhabələrim, ulduzlar və qədər mövzusudur". (ət-Tabərani: "əl-Kəbir", 2/96).
Rəbbimiz həmçinin səhabələr haqqında buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100).
Səhabələr (radıyəllahu anhum) Əliyə (Allah ondan razı olsun) qarşı çıxmayıblar, Fatimənin (Allah ondan razı olsun) gecə dəfn edilməsi isə onun vəsiyyəti ilə bağlıdır. O, vəfat edərkən Əlidən 2 şeyi xahiş etmişdir: Onun ölümündən sonra bacısı qızı Umamə ilə evlənməsini (çünki o, Həsən və Hüseynin qeydinə yaxşı qalacaqdı) və həya etdiyi, insanların toplaşmasından utandığı üçün cəsədini yaxşı-yaxşı bükərək heç kimin görmədiyi vaxt, gecə dəfn etməsini.