Həcc
Həcc və ümrənin fəziləti:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ümrədən ümrəyə günahlar bağışlanır, günah işləmədən yerinə yetirilən həccin isə cənnətdən başqa mükafatı yoxdur!»[1]
İbn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»[2].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: «Kim nalayiq danışmadan və bəlli vaxtlarda qadınla yaxınlıq etmədən, uca Allahın rizasını qazanmaq üçün həcc edərsə, həccdən sonra anadan doğulduğu kimi (günahsız) olar»[3].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allah yolunda döyüşən, həcc və ümrə edən Allahın qonaqlarıdır. Allah onları çağırmış, onlar da Allahın dəvətini qəbul etmişlər. Onlar Allahdan nə istəyərlərsə Allah da onlara istədiklərini verər»[4].
Həddi büluğa çatan, hər bir aqil, azad və imkanlı müsəlmanın ömüründə bir dəfə həcc və ümrə etməsi vacibdir.
Uca Allah buyurur: «Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!»[5]
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bizə vəz etdi və dedi: «Ey insanlar! Allah sizə həcc etməyi fərz etmişdir, həcc edin!» Bu zaman bir kişi dedi: Ey Allahın elçisi, hər il? Peyğəmbər (S.A.V.) susdu. Kişi sözünü üç dəfə təkrar etdikdən sonra Peyğəmbər (S.A.V.) dedi: «Əgər bəli desəm vacib olar və siz bunu bacarmazsınız». Sonra sözünə davam edərək dedi: «Mən sizə nəyisə əmr etmədikcə, siz müdaxilə etməyin. Sizdən əvvəlkilərin həlak olmalarına səbəb, peyğəmbərlərinə çoxlu sual vermələri və (oların hüzurunda) ixtilaf etmələri olmuşdur. Mən sizə bir işi əmr etdikdə ona bacardığınız qədər riayət edin. Bir şeydən çəkindirdikdə isə ondan əl çəkin»[6].
Abdullah İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[7].
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bu ümrəylə təməttü həcci edirik. Kim kəsməyə qurbanı gətirməyibsə (qiran həcci etmirsə) tam şəkildə ehramdan (ümrə ehramından) çıxsın. Həqiqətən ümrə, qiyamət gününə qədər həccə daxil oldu»[8].
Sabiyy ibn Məbəd deyir ki, mən Ömərin (A.R.O.) yanına gəldim və dedim: «Ey möminlərin əmiri! Mən İslamı qəbul etmişəm. Həcc və ümrənin mənə vacib olmasını görüb, onları icra etməyə niyətlənmişəm. Ömər dedi: Sən Peyğəmbərinin sünnəsinə yönəldilmisən»[9].
Uşaq və kölənin həcci:
Uşaq və dəliyə, həcc etmək vacib deyil. Demək, Peyğəmbər (S.A.V.) buyurur: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər»[10].
Köləyə də həcc etmək vacib deyil. Çünki o, öz ağasına xidmət etməklə məşğul olduğundan buna imkanı çatmır.
Əgər uşaq yaxud kölə həcc edərlərsə onların həcci məqbuldur. Lakin bu zaman edilən həcc, həddi büluğa yetişən uşağa və azad olunan köləyə fərz olunan həcci əvəz etmir.
İbn Abbas (A.R.O.) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (S.A.V.) göstərdi və dedi: Bu uşağın həcci sayılırmı? Peyğəmbər (S.A.V.) dedi: «Bəli. Sənin üçün də savab vardır»[11].
Digər rəvayətdə isə İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər kimsə uşaq ikən həcc edərsə, həddi büluğa yetişəndən sonra yenidən həcc etməlidir. Həmçinin hər kimsə kölə ikən həcc edərsə, azad olunandan sonra yenidən həcc etməlidir»[12].
Həcc etməyə imkanı olmaq nə deməkdir?
İmkan dedikdə, sağlamlıq, özünün və himayəsində olanların xərclərindən əlavə gedib-qayıtma xərcinin olması və əminamanlıq.
Sağlamlığın şərt olması İbn Abbasın (A.R.O.) hədisinə əsasəndir. Demək rəvayətdə deyilir ki, «Xəsəm qəbiləsindən bir nəfər qadın Peyğəmbərə (S.A.V.) deyir: Ey Allahın elçisi, Allahın fərz buyurduğu həcc, atama qoca vaxtında fərz olmuşdur. O isə minik üzərində otura bilmir. Mən onun əvəzinə həcc edə bilərəmmi? Peyğəmbər (S.A.V.): Onun əvəzinə həcc et – deyərək cavab verir»[13].
Özünün və himayəsində olanların xərclərindən əlavə gedib-qayıtma xərcinin şərt olması Peyğəmbərin (S.A.V.) bu sözlərinə əsasəndir: «Himayəsində olanların azuqəsini xərcləmək, günaha batmaq üçün kifayətdir»[14].
Əminamalığın şərt olmasına dəlil budur ki, əminamanlıq olmayan vaxtda edilən həcc insana ziyan vura bilər. Şəriət isə belə halları məqbul saymır.
Qadının həcc etməsi:
Deyilən şərtlər əsasında həcc etməyə imkanı çatan qadına həcc etmək vacibdir. Bu işdə o kişilərlə eynidir. Lakin qadın üçün əlavə şərt vardır. Demək onun əri, yaxud məhrəmi onunla birgə səfərə çıxmalıdır. Əgər qadının bu kimsələri yoxdursa, demək onun həcc etməyə imkanı da yoxdur. İbn Abbas (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini deyir: «Heç bir kişi, yanında məhrəmi olmayan qadınla tənha qalmasın. Və heç bir qadın məhrəmsiz səfərə çıxmasın». Bu zaman bir kişi qalxıb dedi: Ey Allahın elçisi, arvadım həccə yola düşüb. Mən isə filan və filan döyüşlərə yazılmışam. Peyğəmbər (S.A.V.) dedi: «Get arvadınla bərabər həcc et»[15].
İmkan olan kimi həcci dərhal icra etmək:
İmkanı olan kimsənin dərhal həcc etməsi vacibdir. Demək, Peyğəmbər (S.A.V.) demişdir: «Kim həcc etmək istəyirsə tələssin. Çünki insan xəstələnə, yaxud miniyini itirə və ya onun başqa bir işi çıxa bilər»[16].
Miqatlar:
Miqatlar iki qismdir: zaman və makan miqatları[17].
Zaman miqatları:
Uca Allah buyurur: «(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...»[18].
Digər ayədə buyurulur: «Həcc (mövsümü) məlum olan aylardır»[19].
İbn Ömər (A.R.O.) deyir ki, «həcc ayları, şəvval, zülqədə və zülhiccənin birinci on günüdür»[20].
İbn Abbas (A.R.O.) isə demişdir: «Sünnəyə əsasən həcc üçün yalnız həcc aylarında ehrama girmək lazımdır»[21].
Məkan miqatları:
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) mədinəlilər üçün Zül-Hüleyfəni, Şam əhli üçün Cühfəni, Nəcd əhli üçün Qərənəl Mənəzili, Yəmən əhli üçün Yələmləmi miqat təyin etmişdir. Adı keçən miqatlar bu yerlərdə yaşayanlar, həmçinin oradan həcc və ümrə niyyəti ilə keçənlər üçündür. Həmin ərazilərdən sonra (Məkkəyə daha yaxın – tər.) yaşayanların miqatı evlərindəndir. Həmçinin Məkkə əhlinin miqatı da Məkkədəndir»[22].
Aişə (A.R.O.) deyir: «Peyğəmbər (S.A.V.) İraq əhli üçün Zətə-irqi miqat seçmişdir»[23].
Məkkəyə həcc və ya ümrə üçün gedən insanın bu miqatları ehrama girmədən keçməsi düzgün (caiz) deyil.
Həmçinin miqata çatmamış ehrama girmək də bəyənilmir (məkruhdur). Belə ki, miqata çatmadan öncə ehrama girmək haqqında rəvayət olunan təşviqedici hədislərin heç biri səhih deyil. Hətta bu hədislərin əks mənasını daşıyan səhih hədislər rəvayət olunmuşdur. Bu hədislərin zəif olması haqqında ətraflı məlumat üçün “Silsilətul Əhadis əs-Səhihə” əsərinə (210-212) baxa bilərsiniz.
İmam Malik (Allah ona rəhmət etsin), Zülhuleyfəyə çatmamış ehrama girmək istəyən kişiyə belə bir gözəl cavab vermişdir:
İmam Malik: Gəl sən belə etmə. Mən sənin bəlaya düçar olacağından qorxuram.
Kişi: Bunda nə bəla ola bilər ki? Bu sadəcə bir neçə mil artıq məsafədir.
İmam Malik: Hansısa xeyirxah işdə Peyğəmbəri (S.A.V.) arxada qoymağını düşünməkdən daha böyük hansı bəla ola bilər? Mən uca Allahın belə dediyini eşitmişəm: «Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!»[24]
Miqatı ehramsız keçmək:
Həcc və ümrə ziyarətini etmək istəyən şəxs miqatı ehramsız keçər və sonradan ehrama girərsə artıq günah qazanmışdır. Günahdan xilas olmaq üçün o yenidən miqata dönməli və oradan ehrama girməli və yalnız bundan sonra ziyarətini davam etdirməlidir. Əgər o miqata qayıtmayıb yoluna davam edərsə ziyarəti düzgündür. Amma o ehrama gec girdiyi üçün günah qazanır və boynuna heyvan kəsmək düşmür. Demək Səfvan ibn Yəla deyir ki, Yəla Ömərə (Allah onlardan razı olsun) dedi ki, Peyğəmbərə (S.A.V.) vəhy gələn zaman onu mənə göstər.
Yəla deyir: Peyğəmbər (S.A.V.) bəzi səhabələri ilə Ceranə adlı yerdə olarkən bir nəfər kişi onun yanına gəldi və dedi: Ey Allahın elçisi, ətir vurub ümrə ehramına girən insan haqqında nə deyə bilərsən? Peyğəmbər (S.A.V.) bir an susdu və sonra ona vəhy gəldi. Bu zaman Ömər Yəlaya (Allah onlardan razı olsun) işarə etdi. Peyğəmbər (S.A.V.) kölgələnmək üçün üzərinə paltar atmışdı. Yəla yaxına gəlib başını paltarın altına saldı və Peyğəmbərin (S.A.V.) üzünün qızardığını və təngənəfəs olduğunu gördü. Sonra o özünə gəldi və dedi: «Ümrə haqqında soruşan haradadır? Həmin kişini gətirdilər və ona dedi: Üzərində olan ətiri üç dəfə yu, əynindəki paltarı çıxart və həccdə etdiyin ibadətlərin eynisini et»[25].
“Bu hədis açıq-aşkar dəlalət edir ki, ehramda edilməsi qadağan olunan hər hansı bir qadağa və ya xəta edildikdə yalnız bundan xilas olmaq kifayətdir. Çünki Peyğəmbər (S.A.V.) ehramda olarkən ətirli paltar geyinən kişiyə, yalnız əynindəki paltarı çıxartmağı və ətiri yumağı əmr etmişdi. Daha ona kəffarə olsun deyə qurban kəsməyi əmr etməmişdi. Əgər bu vacib olsaydı o zaman Peyğəmbər (S.A.V.) bunu əmr edərdi. Çünki ehtiyac duyulan zaman həqiqəti təxirə salmaq olmaz. Burada da ehtiyac var idi”[26].
Miqatda ehrama girmək:
Ehrama girən şəxs, kəsəcəyi qurbanılıq heyvanı özü ilə daşıyaraq qiran həcci etmək istəyirsə belə deməlidir: «Ləbbeykə Allahummə bi həccətin və umrətin» yəni, «Ey Allahım, Sənin çağırışınla həcc və ümrə edirəm». Yox əgər kəsəcəyi qurbanlıq heyvanı özü ilə daşımırsa – belə etmək daha yaxşıdır – onda yalnız ümrə etməyə niyyət edir və deyir: «Ləbbeylə Allahummə bi umrətin» yəni, «Ey Allahım, Sənin çağırışınla ümrə edirəm». Əgər yalnız həcc etməyə niyyət edibsə onda həmin niyyətini dəyişib ümrə niyyətinə çevirməlidir[27]. Çünki Peyğəmbər (S.A.V.) səhabələrinə təvaf və səy ziyarətlərini ümrə niyyəti ilə edib ehramdan çıxmağı əmr etmişdi. O bu əmrdən yalnız, onun (S.A.V.) etdiyi kimi, kəsəcəkləri qurbanlıq heyvanları özləri ilə daşıyanları istisna etmişdi. Hətta o, onun bu əmrini dərhal icra etməyənlərə qəzəblənmişdi. Daha sonra Peyğəmbər (S.A.V.) deyilənləri bu sözləri ilə təkid etmişdir: «Həqiqətən ümrə, qiyamət gününə qədər həccə daxil oldu»[28]. Bu hədis bir daha göstərir ki, ümrə, həccin ayrılmaz bir hissəsidir. Demək Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Əgər mən bir daha həcc edəsi olsam, kəsəcəyim qurbanlıq heyvanı özümlə daşıyan deyiləm». Peyğəmbər (S.A.V.) bu sözləri, həccin qiran növünü edib, başqa növə rəğbət etdiyi üçün deməmişdir. Əslində o, bu sözləri ilə həccin təməttu növünün, qiran növündən daha üstün olmasını bildirmək istəyir.
Hər bir hacı, həcc ilə ümrəni də etməlidir. Əgər özü ilə qurban gətirməyibsə onda ümrəni həcdən əvvəl etməlidir. Bu, “Təməttu” həcci sayılır. Yaxud əgər kəsəcəyi qurbanlıq heyvanı özü ilə daşıyıbsa onda ümrəni həcc ilə bərabər etməlidir. Bu isə “Qiran” həcci sayılır. Düzdür, əvvəldə də dediyimiz kimi təməttu həcci quran həccindən daha üsrün olsa da, hər halda bu iki növ həcdən birini edənin əməli, Peyğəmbərin (S.A.V.) sünnəsinə uyğundur.
Bu haqda bilməli olduğumuz bir məsələ qalmışdır. İfrad həccinə[29] və ya özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edənlər Kəbəni təvaf etdikdən, Səfa və Mərva dağlarını səy etdikdən sonra ehramdan çıxmalıdırlar. Amma ola bilər ki, bu növ həcc edənlər Ərəfa gününə yetişmək üçün, ehramdan çıxıb yenidən həccə niyyət etməyə kifayət qədər vaxt tapa bilməsinlər. Demək belə halda ifrad həccinə və ya özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edənlər ehramlarında qalıb, qurban kəsilən günü Cəmərətul Əqəbəyə daş atanadək ehramdan çıxmamalıdırlar. Təbii ki, bu, (ifrad və özləri ilə qurban daşımayıb qiran həccinə niyyət edib, sonradan niyyətlərini ümrəyə dəyişməli olan və) ümrə edəndən sonra ehramdan çıxıb yenidən həccə niyyət etməyə vaxtı olmayanlara aiddir.
Məsələn, kimsə zülhiccənin doqquzuncu gecəsi Məkkəyə gəlib, vaxtın azlığından və sübh namazının yaxınlaşmasından dolayı Ərəfaya yetişə bilməyəcəyindən ehtiyat edərsə onda birbaşa Ərəfaya üz tutmalıdır. Çünki ərəfada dayanmamaq, bütün həccin itirilməsi deməkdir. Beləliklə, ifrad həccinin edilməsi çox dar çərçivə daxilində icazəlidir. Əgər kimsə həccin ifrad növünü, təməttu və qiran növündən daha üstün sayıb ifrad həcci edərsə bununla günah qazanmış olar. Çünki o, Peyğəmbərin (S.A.V.) səhabələrinə, “həccinizi ümrəyə çevirin” – deyib, buyurduğu əmrə itaətkarlıq göstərməmişdir. Amma bununla belə onun həcci doğru sayılır[30].
Ehrama girən insan, xəstəlik və ya hansısa üzürlü səbəbdən dolayı ehramdan çıxa bilmək üçün əvvəlcədən şərt kəsə bilər:
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Zubeyrin qızı Dubaənin yanına daxil oldu və dedi: Həccə getmək istəyirsən? Dubaə dedi: Allaha and olsun, canımın ağradığını hiss edirəm. Peyğəmbər (S.A.V.) ona dedi: Elə isə həcc et və belə bir şərt kəsərək de: Allahummə məhilli heysu həbəstəni. (Ey Allahım, Sən mənim qarşımı harada kəssən, orada da ehramdan çıxacağam)»[31].
Kim deyilən bu şərti kəsərsə, sonra xəstəlik, təcavüz və s. səbəblərdən dolayı həccini edə bilməzsə o zaman ehramdan çıxır və əlavə heç bir kəffarə vermir.
Kim bu şərti qoymadan hər hansı səbəbdən həccini edə bilməzsə o zaman qurban kəsməlidir. Belə ki, Uca Allah buyurur: «...əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurban kəsin...»[32]
Qurban isə yalnız ev heyvanı: dəvə, inək və ya qoyun – olmalıdır. Əgər qoyun kəsmək müyəssər olarsa kifayətdir. Demək qurban, dəvə və ya inək olarsa bu da öz növbəsində kifayətdir. Əgər qurban kəsməyə imkanı olmazsa, onda on gün oruc tutmalıdır. Bu, təməttu həcci edib kəsməyə qurban tapmayanın tutduğu oruca müqayisə edilən bir hökmdür.