Ehramda qadağan olunan şeylər
Ehramda olan şəxsə bunları etmək haramdır:
1. Tikişli paltar geyinmək: Demək İbn Ömərin (A.R.O.) rəvayətində deyilir ki, bir kişi: «Ey Allahın elçisi, ehramda olan hansı paltarı geyinməlidir?» - deyərək soruşdu. Peyğəmbər (S.A.V.) dedi: «Köynək, əmmamə, şalvar, əba yaxud xüff geyinmək olmaz. Əgər kimsə geyinməyə ayaqqabı tapmazsa onda xüff geyinsin, amma onları topuqdan aşağı qədər kəssin. Eləcə də zəfəran və ya sarıkök dəymiş paltar geyinməyin»[1].
Geyinməyə xüff və şalvardan başqa heç nəyi olmayan kimsəyə bu paltarları kəsməmiş geyinməyə icazə verilir. Demək İbn Abbas (A.R.O.) deyir ki, mən Peyğəmbər (S.A.V.) ərəfada xütbə verərkən onun belə dediyini eşitmişəm: «Ehramda olan kimsə geyinməyə ayaqqabı tapmırsa xüff geyinsin, geyinməyə izar (alt parça) tapmırsa şalvar geyinsin»[2].
2. Qadının üz və əllərini örtməsi: Demək İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ehramda olan qadın niqab tamır və əlcək geyinmir»[3].
Qadın kişilərlə üzləşdikdə üzünü örtə bilər. Demək Hişam ibn Urvə, Fatimə bint əl-Munzirin belə dediyini rəvayət edir: «Biz ehramda olarkən, Əsma bint Əbu Bəkr əs-Siddiq də bizimlə birlikdə idi və biz üzümüzü örtürdük»[4].
3. Kişinin, əmmamə və ya başqa şeylə başını örtməsi: Demək İbn Ömərin (A.R.O.) rəvayət etdiyi hədisdə Peyğəmbər (S.A.V.) belə demişdir: «Köynək və əmmamə geyinmək olmaz...»[5].
Çadır və bu kimi şeylərin altında kölgələnmək olar. Bu haqda Cabirin (A.R.O.) uzun hədisində qeyd olunmuşdu. Belə ki, Peyğəmbər (S.A.V.) «Nəmirə adlı yerdə onun üçün tükdən hazırlanmış çadır düzəldilməsini əmr etdi və orada qaldı...».
4. Ətirlənmək: İbn Ömərin (A.R.O.) hədisində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «...zəfəran və ya sarıkök dəymiş paltar geyinməyin»[6].
Həmçinin Peyğəmbər (S.A.V.) həcc zamanı dəvəsi tərəfindən öldürülən kişi haqqında demişdi: “Onu ətirləməyin və başını örtməyin. Çünki o qiyamət günü təlbiyə duasını deyə-deyə dirildiləcəkdir” [7].
5-6. Dırnaqları tutmaq, saçı qırxmaq yaxud qısaltmaq və sairə:
Uca Allah buyurur: «qurbanlıq öz yerinə çatıncaya (kəsilənə) qədər başınızı qırxdırmayın...»[8].
Alimlər, ehramda olanın dırnaq tutmasının haram olmasını yekdilliklə vurğulamışlar[9].
Başında saçın qalmasından əziyyət çəkən saçını qırxa bilər. Amma buna görə fidyə (kəffarə) verməlidir. Uca Allah buyurur: «...Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir...»[10].
Kəəb ibn Ucrənin rəvayətində deyilir ki, Peyğəmbər (S.A.V.) Məkkəyə daxil olmadan öncə Hudeybiyyədə ehramda olarkən onun yanından keçirdi. O isə qazanın altına od qalayırdı. Başının bitləri onun üz-gözündə gəzirdi. Peyğəmbər (S.A.V.) bunu görüb dedi: «Bu həşəratlar sənə əziyyət verirmi?» O: bəli – deyərək cavab verdi. Peyğəmbər (S.A.V.) dedi: «Elə isə başını qırx və bunun əvəzində altı nəfər miskinə üç saa yemək yedizdir, yaxud üç gün oruc tut və ya bir qurban kəs»[11].
7. Cinsi yaxınlıq və ona aparan hərəkətlər:
8. Günah işlətmək:
9. Dava-dalaş etmək və söyüş söymək:
Bu üç şeyin haram edilməsinin əsası uca Allahın bu ayəsidir: «Həcc (mövsümü) məlum olan aylardır. (Həmin aylarda) həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz...»[12].
10-11. Nişan etmək və kəbin kəsmək: Demək Osmanın (A.R.O.) rəvayət etdiyi hədisdə Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Ehramda olan şəxs özünə və başqasına kəbin kəsməz və ya nişan etməz»[13].
12. İhramda olarkən quruda yaşayan heyvanları öldürmək, kəsmək, yaxud onların ölümünə işarə və ya göstərişlə səbəb olmaq:
Uca Allah buyurur: «...İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu...»[14].
Həmçinin ihramda olan bir qrup səhabə, ihramda olmayan Əbu Qatadənin ovladığı heyvan haqqında Peyğəmbərdən (S.A.V.) soruşduqda, o demişdir: «Sizdən kimsə ona, ova hücum etsin deyə ovu göstərib və ya işarə edibmi? Orada olanlar: xeyr – deyərək cavab verdilər. O dedi: Elə isə yeyin!»[15].
13. Kiminsə, onun üçün, yaxud onun göstərişi və ya köməyi ilə ovlanan heyvanın ətindən yeməsi:
Bu qadağa, Peyğəmbərin (S.A.V.) bu hədisinin məfhumundan anlaşılır: «Sizdən kimsə ona, ova hücum etsin deyə ovu göstərib və ya işarə edibmi? Orada olanlar: xeyr – deyərək cavab verdilər. O dedi: Elə isə yeyin!»[16].