Müsəlman ən çox valideynlərini, yoxsa peyğəmbəri sevməlidir?
Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sizdən hər kim məni uşağından, anasından, atasından və bütün insanlardan çox sevmədikcə (həqiqi) iman etmiş olmaz". (əl-Buxari: "İman", 8; Muslim: "İman", 70).
"Üç şey kimdə olarsa, o şəxs imanı dadmışdır: Allahı və Rəsulunu hər şeydən çox sevmək; sevdiyini yalnız və yalnız Allah üçün sevmək; iman etdikdən sonra yenidən küfrə dönməyi atəşə atılırmış kimi pis görmək". (əl-Buxari: "İman", 14)
Bir gün Ömər (Allah ondan razı olsun): "Ya Rəsulallah, nəfsim (özüm) xaric, səni hər şeydən çox sevirəm" dedikdə, Rəsulullah (salləllahu aleyhi və səlləm) ona: "Ey Ömər! Nəfsindən də çox sevməlisən" deyə cavab verdi. Ömər heç tərəddüd etmədən: "Canımdan da çox sevirəm" deyincə: "İndi oldu, ey Ömər", - deyə buyurdu". (əl-Buxari: "Əymən", 3).
Uca Allah Qurani Kərimdə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) əmr etmişdir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).