Cahillik üzrlüdürmü?
Aleykum salam. Əvvəlcə bilməlisiniz ki, şübhəyə düşməmək üçün bu cür insanlardan uzaq olaraq özünüzə xeyirli olan və axirətdə sorğu-sual olunacağınız məsələlərlə məşğul olmaq lazımdır.
Ümumən cahillər (haqq, islama dəvət çatmamış insanlar) üzrlüdürlər, dünyada onlara haqq çatmadığı üçün etdikləri küfr və ya şirkə görə cəzalanmayacaqlar, yalnız Qiyamət günü xüsusi imtahanın nəticəsində Cənnətə və ya Cəhənnəmə girəcəklər. Uca Allah buyurur: "Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və bilik sahibidir". (ən-Nisa, 165); "Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik". (əl-İsra, 15).
Müsəlmanların onlarla necə davranması baxımından isə cahillər iki yerə bölünür:
- Əsli kafir olanlar, yəni özünə müsəlman deməyənlər. Məsələn, kitab əhli (yəhudi və xristianlar), bütpərəstlər, ateistlər və s. arasında yaşayan cahil, bixəbər və özlərini bu dinlərdən birinə və ya heç bir dinə nisbət etməyənlər. Belələri ilə müsəlmanlar dünyada kafir kimi davranırlar -- məsələn, öldükdə cənazə namazını qılmırlar, kitab əhli istisna olmaqla onların qızları ilə evlənmirlər, kəsdiyi əti yemirlər və s. Onların axirətdəki halı isə Allaha aiddir. Səhih olan rəyə görə onlar Qiyamət günü imtahan olunacaqlar.
- Özünə müsəlman deyənlər, amma bilməməzlikdən şirk əməllər edənlər (qəbirə yalvarmaq kimi). Onlar özlərini islama nisbət etdikləri üçün Quran ayələri və hədislərə əsasən müsəlmanlar onlarla müsəlman kimi davranır -- qızları ilə evlənir, kəsdiyi əti yeyir və s., çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Heç bir insan digərini (müsəlmanı) fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61). Onların axirətdəki halı barədə isə Uca Allah özü hökm verəcək. Ölkəmizdə də bu qrupa aid insanlar var.
Həmin insanların şirk əməlləri etməsi müxtəlif səbəblərdən ola bilər:
- Bilməməzlik -- həmin adam "lə iləhə illəllah" deyərək İslama girmişdir, amma bu kəlimənin namaz, zəkat, oruc, həcc kimi şərtləri olduğunu və şirk əməllər etməyin qadağan olmasını bilmir. Uca Allah buyurur: "...Səhvən (bilməyərəkdən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir: "Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: "Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim". Dəli deyəcək: "İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar". Qoca deyəcək: "Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim". Peyğəmbərlərin (Onlara Allahın salamı olsun) ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: "Sənin Rəsulun mənə gəlmədi". Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, "Oda daxil olun!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq". (ət-Tabərani, 841; İbn Hibban, 1827).
- Səhv başa düşmə və ya aldadılma -- Dinin hökmlərini səhv başa düşmüş və ya alim hesab etdiyi adamlar onu şirk əməllərin Uca Allaha yaxınlaşmaq üçün vasitə olduğunu inandırmışlar.
- Kor-koranə təqlid -- Dini savadı olmadığı üçün şirkə dəvət edən yalançı elm adamlarının əməllərini təkrar etmişdir.
- Məcburiyyət. Ola bilsin ki, həmin insan bu əməli məcburiyyət qarşısında etsin. Uca Allah buyurur: "Qəlbi imanla dolu olduğu halda, küfrə məcbur edilən müstəsna olmaq üzrə, kim iman gətirdikdən sonra küfrə sinə açsa Allahdan onlara bir əzab vardır". (ən-Nəhl, 106). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Bu hallar həmin insanla kafir kimi davranmağa qarşı olan maneələrdir, onun axirətdəki halı isə Uca Allaha aiddir. Bu, alimlərin əksəriyyətinin rəyidir. Cahilliyin üzrlü olmaması rəyinin isə həddindən artıq zəif olduğu deyilmişdir.