Əmanət

    31.03.2015

Tərifi: Ərəb dilində "əl-Vədiə" sözü bir şeyi tərk etmək, harasa qoymaq mənasını daşıyır.
İnsanın başqasına saxlaması üçün verdiyi əmanət, əl-vədiə adlanır. Çünki o, əşyanı həmin adamın yanında qoyub gedir.
Hökmü: Kimsə öz qardaşına saxlamaq üçün əmanət verərsə, onu qoruyacağına əmin olan şəxs, əmanəti saxlamağa razılıq verə bilər. Bu müstəhəbdir. Bu, yaxşı və savab işlərdə əlbir olmaqdır.
Əmanət sahibi əmanətini istədikdə, dərhal onu qaytarmaq vacibdir. Uca Allah buyurur:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir...»[1].
Digər ayədə buyurur: «Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun!...»[2].
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Sənə etibar edib əmanət verənin əmanətini qaytar...»[3].
 
Əmanətə zəmanət vermək:
Əmanəti saxlayan ona zəmanət vermir. Yalnız əgər əmanətə səhlənkar yanaşarsa o zaman zəmanət verməlidir.
Amr ibn Şueyb atasından, o da babasından, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim saxlamağa əmanət götürərsə, ona zəmanət vermir»[4].
Digər rəvayətdə Peyğəmbərin (S.A.V.) belə dediyini qeyd edir: «Əmanət saxlayan, əmanətə görə zəmanət daşımır»[5].
Ənəs ibn Malik deyir ki, «Ömər ibn əl-Xəttab (Allah onlardan razı olsun) mənim mal-dövlətimdən oğurlanmış əmanətə görə mənim zəmanət daşıdığımı dedi».
Beyhəqi deyir: Ehtimal olunur ki, Ənəs ibn Malik həmin əmanətin saxlanılmasına səhlənkar yanaşmışdı. Ona görə də Ömər onun zəmanət daşıdığını demişdir[6].

 
[1] ən-Nisa: 58.
[2] əl-Bəqərə: 283.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 240. Tirmizi: 2/ 368/ № 1282. Əbu Davud: 9/ 450/ № 3518.
[4] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1945. əl-İrva: № 1547. İbn Macə: 2/ 802/ № 2401.
[5] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: № 7518. Darəqutni: 3/ 41/ № 167. Beyhəqi: 6/ 289.
[6] Beyhəqi: 6/ 289.