İtmiş uşağın öz nəslindən olmasını iddia etmək

    31.03.2015

İtmiş uşağın öz nəslindən olduğunu iddia edən kişi və ya qadının bu iddiası məqbul sayılarsa uşaq da onundur. Əgər uşaq barədə iki və ya daha çox insan iddialı olarsa, uşaq,  tutarlı sübut gətirənindir. Yox əgər bu barədə tutarlı dəlil-sübut olmazsa, onda insanları oxşatmaqla bir-birindən ayırd edən mütəxəssislərə[1] müraciət edilməli və o, uşağın kimdən olduğunu deyərsə uşaq da ona verilməlidir.
Aişə (A.R.O.) deyir ki, bir gün Peyğəmbər (S.A.V.) çox sevincək halda evimə daxil oldu və dedi: «Bilirsən, az öncə Miczər əl-Mudləci, başlarını örtüb ayaqlarını açmış Zeyd və Usaməyə baxdı və dedi: Bu ayaqlar, bir-birinə bənzəyir»[2].
Əgər mütəxəssis, uşağın iddiaçıların hər ikisindən olduğunu deyərsə, uşaq onların ikisinin sayılır.
Süleyman ibn Yəsar rəvayət edir ki, Ömər, aybaşıdan sonrakı təmizlikdə iki kişi ilə yaxınlıq etmiş qadını(n uşağının kimə məxsus olmasını) mühakimə edərkən, mütəxəssisdən soruşdu və o dedi: Bu uşaqda, onların hər ikisinin payı vardır. Ömər də uşağın onların hər ikisinə aid olduğuna dair qərar verdi.[3]

 
[1] Həmçinin bu gün tibbi müayinələr əsasında uşağın kimə aid olmasını da ayırd etmək mümkündür. (tər.)
[2] Buxari: 12/ 56/ № 6771. Müslim: 2/ 1081/ № 1459. Əbu Davud: 6/ 357/ № 2250. Tirmizi: 3/ 298/ № 2212. Nəsai: 6/ 184.
[3] Rəvayət səhihdir. əl-İrva: № 1578. Beyhəqi: 10/ 263.