Əl-umra və Ər-ruqba

    31.03.2015

Bunların hər ikisi müvəqqəti verilən hədiyyələrdir.
Əl-Umra sözü ərəb dilindəki "əl-Umr" yəni, ömür, həyat sözündən götürülmüşdür.
Ər-Ruqba sözü isə ərəb dilində olan "əl-Muraqəbə" yəni, izləmək, güdmək sözündən götürülmüşdür. Cahiliyyət dövrünün insanları belə hədiyyə verərdilər. Demək bir nəfər digərinə ev verər və deyərdi: Sən ömür sürdükcə bu evi sənə verirəm. Buna görə də bu növ hədiyyə "əl-Umra" adlandırılmışdır. Bu hədiyyənin "ər-Ruqba" adlandırılması isə onların bir-birinin həyatını güdməsinə, izləməsinə görədir. Belə ki, belə hədiyyə sahibi qarşı tərəfin nə vaxt öləcəyini və verdiyi hədiyyənin geri qayıdacağını izləyərdi.
Peyğəmbər (S.A.V.) qoyulan bu vaxt məhdudiyyətini ləğv etmiş, "əl-umra""ər-ruqba" yolu ilə verilən hədiyyələri, hədiyyə alanlara və onların varislərinə vermiş, hədiyyə sahibinə qayıtmayacağını demişdir.
Cabir ibn Abdullah (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əl-Umra və ər-Ruqba hədiyyələri, hədiyyə verilən insanındır»[1].
Digər rəvayətdə isə Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişdir: «Kim bir insana əl-Umra hədiyyəsi edərsə hədiyyə ömürlük olaraq onun və övladlarınındır (onların mirasıdır). Hədiyyə verərkən onun: "Sən ömür sürdükcə bu sənindir" –  sözlərini deməsi, onun həmin əşyada olan haqqını ləğv edir və verdiyi şey həmin insana və onun övladlarına (miras olaraq) qalır»[2].
Digər rəvayətdə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mallarınızı özünüzdə saxlayın, korlamayın. Kim digər insana əl-Umra hədiyyəsi edərsə, o insan sağ və ya ölmüş olsa da hədiyyə onun və övladlarınındır (onların mirasıdır)»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1930. İbn Macə: 2/ 797/ № 2383. Tirmizi: 2/ 403/ № 1362. Əbu Davud: 9/ 472/ № 3541. Nəsai: 6/ 270.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1927. Müslim: 3/ 1245/ № 1625. İbn Macə: 2/ 796/ № 2380.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1388. Müslim: 3/ 1246/ № 1625.