Bu əməlin icazəli olması

    31.03.2015

Tərifi: Ərəb dilində vəkalət sözü tapşırmaq və qorumaq mənalarını daşıyır.
Şərii mənada, bir insanın işlərinin icrasını başqasına tam və ya qismən tapşırmasıdır.
 
Bu əməl Quran, sünnə və İslam ümməti alimlərinin yekdil rəyinə əsasən icazəlidir:
Uca Allah buyurur: «(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!»[1]
Əbu Rafi (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Məymunə ilə qeyri ehramda olarkən evlənmiş və qeyri ehramda olarkən yaxınlıq etmişdi. Onların arasında elçilik edən isə mən idim[2]. Həmçinin Peyğəmbər (S.A.V.) borcları qaytarmağı[3], cəzaları tətbiq etməyi[4] və digər işlərin icrasını başqalarına tapşırardı.
Bütün müsəlmanlar vəkalətin icazəli olmasını, hətta müstəhəb olmasını yekdilliklə vurğulamışlar. Çünki bu, yaxşı işlərdə əlbir olmaqdır. Çünki hər insan təkbaşına öz işlərinin öhdəsindən gələ bilmir deyə, onun yerinə bu işləri icra edəbiləcək insana vəkalət verməyə ehtiyacı vardır.

 
[1] əl-Kəhf: 19.
[2] Hədisin sənədi səhihdir. əl-İrva: 6/ 252. Darəmi: 2/ 38. Əhməd: 6/ 392-393.
[3]"Borcu gözəl şəkildə qaytarmaq" adlı bölümdə, Əbu Hureyrənin hədisinə baxa bilərik. Hədisdə deyilir:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir kişinin Peyğəmbərdə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) borc dəvəsi var idi. Kişi gəlib öz dəvəsini istəyirdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun dəvəsini qaytarmağı tapşırdı. Onlar kişinin dəvəsi ilə eyni yaşda olan dəvə axtardılar, tapa bilmədilər. Dəvlərin hamısı böyük idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Verin getsin». Kişi dedi: Sən mənim borcumu artıqlaması ilə qaytardın, Allah da səni qorusun. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sizin ən xeyirliniz, borcunu qaytararkən gözəl şəkildə qaytaranınızdır»[3].
[4] Məsələn, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ey Uneys, bu kişinin arvadının yanına get, əgər etiraf etsə onu daşqalaq et». Bu hədis, "Cəzalar" (əl-Hudud) fəslində qeyd olunacaqdır.