Axirətdə hesaba çəkiləcəyimdən qorxduğum üçün heç bir əməl etmək istəmirəm...

    02.05.2015
Sual: 
salam men axiret ezabindan o qeder qorxuram ki dunyada hec bir sey etmek istemirem hetta otaqimdaki esyalari defelerle nezerden kecirirem ki men bunlara gore hesaba cekilecem fikirlesende ki her sey muveqqetidir hec neye hevesim qalmir hec cur rahatliq tapmiram mene 1 meslehet verin,
Cavab: 

Aleykum salam. Bu, şeytanın vəsvəsəsidir. Quranda Uca Allah bizə qorxaraq əməlləri tərk etməyi yox, bağışlanmaya ümid edərək çoxlu xeyirli əməllər işləməyi buyurmuşdur: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110). Həmçinin bu, Allahı yaxşı tanımamaqdan irəli gəlir. Rəbbimiz tövbələri qəbul edəndir: "... Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər". (Yusuf, 87).
Cabir ibn Abdullah (radıyəllahu anhu) demişdir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) vəfatından üç gün əvvəl belə dediyini eşitdim: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim "Cənnət", 81).
Odur ki, hər bir müsəlman nə qədər ki, canı üstündədir, xeyirli əməllərini artırmalı, ibadət etmirsə, ibadətə başlamalı, Uca Allahı mütəmadi zikr etməli, Onun əmrlərini bacardığı qədər yerinə yetirib qadağalarından da çəkinməlidir. Ömər ibn Xattabın (Allah ondan razı olsun) dediyi kimi: "Qiyamət günü hesaba çəkilmədən öncə, özünüzü hər gecə hesaba çəkin". (İbn Əbi əd-Dunya "Muhasəbətun-Nəfsi", səh. 22; İmam Əhməd "əz-Zuhd", səh. 120; Əbu Nueym "əl-Hilyə" 1/50).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Paylaş: