Naməhrəmə baxmaq günahdırmı?

    03.05.2015
Sual: 
Salam aleykum namehrem oglanin uzune baxmag gunahdir?
Cavab: 

Aleykum salam. Zərurət hallarında, həmçinin evlənmək niyyəti ilə naməhrəmə baxmağa icazə verilir. Bundan başqa hallarda isə naməhrəmə baxmaq günahdır. Uca Allah buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar". (ən-Nur, 30-31).
Uca Allah ayədə əvvəlcə baxmağı, sonra zina etməyi qadağan edir, çünki baxmaq zinaya aparan yollardandır. Bu ayədə isə zinaya aparan bütün yollardan uzaq durmaq əmr olunmuşdur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) öz hədislərində zinaya aparan yolları bəyan etmiş və onlardan çəkindirmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) naməhrəmə baxmağı, onunla təklikdə qalmağı, əl ilə görüşməyi və ünsiyyətdə olmağı qadağan etmişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Ağızın (dodaqların) zinası öpməkdir. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (Səhih əl-Buxari "İstizan" 12, №: 6343-6612; Muslim "Qədər" 21, №: 2567-4802; İmam Əhməd, "Musnəd", 1/412; "Səhih əl-Cami", 4126).
"Naməhrəm qadına baxmaq iblisin zəhərli oxlarından biridir. Kim onu Allahdan qorxaraq tərk edərsə, Uca Allah onu elə bir iman ilə mükafatlandırar ki, onun sayəsində qəlbində imanın şirinliyini dadar, tapar". (İmam Əhməd).
"Ey Əli! Sən baxışın ardınca baxış etmə! Həqiqətən birinci sənin lehinə, ikinci isə əleyhinədir, çünki, ikinci baxış sənin ixtiyarınladır". (Sunən ət-Tirmizi, 2701; "Səhih əl-Cami", 7953).

Cərir ibn Abdullah (radıyəllahu anhu) deyir ki, Allah Rəsulundan (salləllahu aleyhi və səlləm) yad qadına ani baxış haqqında soruşduqda, mənə ondan gözlərimi çevirməyimi əmr etdi. (ət-Tirmizi "Sunən", 2700).
"Bu üç gözdən başqa hər göz Qiyamətdə ağlayacaqdır. Harama baxmaqdan çəkinən göz, Allah yolunda yuxusuz qalan göz, Allah qorxusundan yaş axıdan göz". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 19/416-1003; "əl-Albani "əs-Silsilə əs-Sahihə", 2673).
Uca Allah buyurur: "Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir". (Ğafir, 19).
İbn Abbas (radıyəllahu anhumə) bu ayənin təfsirində belə deyir: "Bu o, kimsədir ki, bir ev əhlinə qonaq gedər. Orada bir gözəl qadın görərsə ev əhli (ona) baxmadıqları zaman qadına baxar. Ev əhli baxdıqları zaman isə gözlərini çəkər" (Hədis səhihdir)". 
Habelə, Allah Elçisi (salləllahu aleyhi və səlləm) səhabələrinə belə demişdir: "Sizi yollarda oturmaqdan çəkindirirəm. Səhabələr dedilər: Ey Allahın elçisi, bizim başqa duracaq yerimiz yoxdur. Biz orada oturub sadəcə söhbət edirik". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Madam ki, sizlər üçün oralarda oturmaq zəruridir, onda yolun haqqını ödəyin". Səhabələr dedilər: "Ey Allahın elçisi yolun haqqı nədir?" O dedi: "Gözləri aşağı dikmək (naməhrəmə baxmamaq), əziyyət verməmək, salamı almaq, yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək". (Səhih əl-Buxari, 5/2300).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadına baxdığı üçün Fədl ibn Abbasın başını çevirdi. Abbas dedi: "Ey Allahın elçisi, əmim oğlunun başını nə üçün çevirdin?" O (salləllahu aleyhi və səlləm) dedi: "Gənc oğlanla gənc bir qız gördüm. Hər ikisi haqda şeytandan əmin olmadım". (ət-Tirmizi, 811; İmam Əhməd, 2/36). Başqa rəvayətdə: "Gənc oğlanla gənc bir qız gördüm və hər ikisi haqda şeytandan qorxdum! (Qorxdum ki, şeytan hər ikisini azdırar!)" (İmam Əhməd, 3/283). İmam Nəvəvi (Allah ona rəhmət etsin) buyurur: "Bu hədisdə fitnənin kişi ilə qadından uzaqlaşdırılmasına, gözü naməhrəm qadınlardan qorumağa, həmçinin qadınların da naməhrəm kişilərə baxmamasına dair dəlil vardır". (Şərhu Səhihi Muslim, 8/190). Həmçinin oxuyun: Zina və ona aparan yollar

Paylaş: