Allah insanları hansı şəkildə imtahan edir?
Aleykum salam.
Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda
olanlardır". (əl-Bəqərə, 155-157).
"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz". (Ali İmran, 186).
"Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. "Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır". (əl-Ənkəbut, 1-3).
"Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". (əl-Ənbiya, 35).
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).
İmtahanlara səbr edib Allaha şükr edənləri böyük mükafat gözləyir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396).
"Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər".
"Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın". (əl-Buxari "Mərda", 1; Muslim "Birr", 49).
"Heç bir günah olmadan Allah ilə görüşənə kimi mömin kişi və ya mömin qadınların özləri, övladları və mal-mülkü ilə bağlı imtahanlar, sınaqlar gəlməyə davam edir". (ət-Tirmizi, 2399).
"Allah, bir bəndəsinə xeyir istəyirsə, bu dünyada onun cəzasını tezləşdirir. Quluna xeyir istəmədikdə qiyamət gününə qədər onun cəzasını ertələyir və qul bütün günahları ilə gəlir". (ət-Tirmizi, 2396).
Həmçinin unutmayaq ki, müsibətlər insanı məhv etmək üçün deyil, onu təmizləmək və ona böyük mükafat qazandırmaq üçün gəlir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944, 6424).
"Başına bir müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allahın ona buyurduğu kimi: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!" - desin, Allah da ona bundan xeyirlisini vermiş olmasın". (Muslim, 1525, 2165). Duanın ərəbcə oxunuşu: "İnnə lilləəhi və innə ileyhi raciun, Allahummə əcurni fi musibəti və əxlif li xayran minhə".
Müəyyən bir çətinliyin konkret olaraq günahlara görə cəza və ya imtahan olmasını yalnız Allah bilir. Ancaq hər bir halda insan səbr etməli və öz nəfsini hesaba çəkərək başına gələn müsibətlərin səbəbini özündə axtarmalıdır. Uca Allah buyurur: "Sizə üz verən hər bir müsibət və çətinlik öz əllərinizlə qazandığınız günahların və etdiyiniz əməllərin ucbatındandır! Bütün bunlara baxmayaraq Allah günahlarınızın çoxunu əfv edər". (əş-Şura, 30).
"Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir...". (ən-Nisa, 79).