Allah insanları niyə yaradıb?

    17.01.2014
Sual: 
Allah insanı niyə yaratdı? Çox xahiş edirəm ki, bu suala ətraflı cavab verəsiniz. Təşəkkür edirəm.
Cavab: 

Aleykum salam. Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər. Uca Allah Quranda göyləri, yeri və canlıları səbəbsiz yerə yaratmadığını bildirmişdir: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115).
"Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər". (əl-Əhqaf, 3).
Hər hansı bir işin məqsədini o işi görəndən daha yaxşı heç kimin bilmədiyi kimi, yaradılışın da məqsədini ən yaxşı Allah bilir. Uca Rəbbimiz bu məqsədlərdən bəzilərini açıqlayaraq, Qurani-Kərimdə göyləri və yeri, ölümü və həyatı sınaq məqsədi ilə yaratdığını, Onun əmrlərinə tabe olanları mükafatlandıracağı, inkar edənləri isə cəzalandıracağını bildirmişdir. Uca Allah buyurur: "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun". (əl-İnsan, 2-3).
"Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur". (Hud, 7).
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).
İnsanların yaradılmasının ən böyük səbəblərindən biri, həmçinin ən böyük sınaqlardan biri -- insanların Allahın elmini, hikmətini və qüdrətini görərək yalnız Ona ibadət etmələridir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" (əz-Zəriyət, 56-58).
Uca Allah bildirir ki, Qiyamət və yenidən dirilmə haqqdır, insanlar yaxşı və pis əməllərinə görə hesaba çəkiləcək: "Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş". Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir". (Yə Sin, 51-54).
Həmin gün Uca Allah Ona iman gətirənlərlə inkar edənləri bir tutmayacaq: "Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?" (Sad, 28).
Həmin gün insanlar əməllərindən asılı olaraq Cənnətə və ya Cəhənnəmə daxil ediləcəklər:
"Qəlbləri Qorxuya salan! Qəlbləri Qorxuya salan nədir? Sən haradan biləsən ki,qəlbləri Qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun kimi olacaqdır. O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Həviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl-Qariə surəsi).
Həmçinin bilmək lazımdır ki, Allah insanlara məqsədini insanlar içərisindən seçdiyi peyğəmbərlər Allahın onlara salamı olsun) və nazil etdiyi kitablar vasitəsilə bildirmişdir. Necə ki, Uca Allah buyurmuşdur: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan (Allaha şərik qoşmaqdan) uzaq olun" - deyə, elçi göndərdik". (ən-Nəhl, 36).
"Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər". (əl-Bəqərə, 285). Həmçinin oxuyun: İnsan həyatının mərhələləri

Paylaş: