Qidalar
Ərəb dilində, "əl-Ətimə" sözü, "təam" (qida) sözünün cəmidir. Təam, insanın qidalandığı yemək növlərinin ümumi adıdır. Əslində bütün qida növləri halal sayılır. Uca Allah buyurur: «Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin...»[1].
Digər ayədə isə buyurulur: «...yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?...»[2].
Allahın kitabında, yaxud Peyğəmbərin (S.A.V.) dili ilə haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyil. Allahın haram etmədiyi hər hansı qidanın haram olmasını demək Allaha qarşı iftiradır.
Uca Allah buyurur: «De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?)...»[3].
Digər ayədə isə belə buyurur: «Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar! (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!»[4]