Qurbanlıq
Tərifi:
Qurbanlıq, qurban bayramı və təşriq (zülhiccənin 11, 12 və 13-cü) günlərində Allaha ibadət olaraq kəsilən ev heyvanlarıdır.
Hökmü:
İmkanı olan insanın qurban kəsməsi vacibdir. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Kimin imkanı ola-ola qurban kəsməzsə, bizim namazgaha gəlməsin»[1].
Hədisin məsələyə dəlaləti belədir ki, Peyğəmbər (S.A.V.) imkanı olub qurban kəsməyən insanın namazgaha yaxınlaşmasını qadağan etmişdir. Bu isə o deməkdir ki, həmin adam vacib bir əməli tərk etmişdir. Sanki imkanı ola-ola belə bir vacib əməli tərk edib, bayram namazı qılmağa gəlməyin heç bir faydası yoxdur.
Muxəffif ibn Suleym deyir ki, biz Ərəfada Peyğəmbərlə (S.A.V.) birlikdə dayanmışdıq. O, belə dedi: «Ey insanlar, hər il hər bir ailənin boynuna bir qurban və bir ətirə düşür». Sonra dedi: Bilirsinizmi ətirə nədir? Ətirə, insanların "Rəcəbiyyə" adlandırdıqları (rəcəb ayında kəsdikləri) qurbandır[2].
Sonra Peyğəmbərin (S.A.V.) bu sözləri ilə rəcəb ayında kəsilən qurbanın (Ətirənin) hökmü ləğv (nəsx) olunmuşdur: «Heyvanın ilk qarında doğduğu balanı (Fər`, ərəb.) mütləq qurban deyib, həmçinin rəcəb ayında (Ətirə) qurban deyib[3] kəsmək olmaz»[4].
Rəcəb ayında kəsilən qurbanın (Ətirənin) hökmünün ləğv edilməsi, qurban bayramında kəsilən qurbanın hökmünün ləğv edilməsi demək deyil.
Cundub ibn Sufyan əl-Bəcəli deyir ki, mən qurban bayramı günü Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə yenidən birini kəssin. Kim qurbanını kəsməyibsə indi kəssin»[5].
Bu hədis açıq-aşkar qurbanın vacib olmasına dəlalət edir. Ələlxüsus vaxtsız kəsilən qurbanın əvəzinə yenidən başqasını kəsməyin əmr olunması.[6]