Yəhudilərin Cəbrailə düşmənçiliyi

    05.11.2013

İbn Abbas rəvayət edir ki, yəhudilər Peyğəmbərin yanına gəlib dedilər: “Ey Əbul Qasim! Biz səndən beş şey barəsində soruşacağıq. Əgər soruşacaqlarımız haqda bizə doğru xəbər versən, sənin Peyğəmbər olduğunu yəqin edərik və sənə tabe olarıq. Peyğəmbər onlardan, Yəqubun öz övladlarından əhd aldığı kimi əhd aldı. Onlar: “Allah bizim dediklərimizə şahiddir!”– dedilər. Peyğəmbər: “Soruşun!”– dedi. Onlar dedilər: “Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver». Peyğəmbər dedi: “Peyğəmbərin gözləri yatsa da, qəlbi həmişə oyaq qalır». Onlar dedilər: “Ana bətnindəki uşağın hansı səbəbdən qız və ya oğlan olduğunu bizə de!” Peyğəmbər dedi: “Kişinin belindən və qadının köksündən gələn maye bir-birinə qarışdıqda kişidən gələn maye üstünlük təşkil etsə, oğlan, qadından gələn maye üstünlük təşkil etsə, qız olur». Onlar dedilər: “Yəqubun, nəyi özünə haram etdiyini bizə bildir!” Peyğəmbər dedi: “Yəqubun oturaq siniri ağrıyır və buna əlac tapa bilmirdi. Odur ki, dəvənin ətini və südünü özünə haram etdi”. Onlar bu deyilənlərin doğru olduğunu təsdiqlədikdən sonra dedilər: “Bizə ildırım haqqında xəbər ver.” Peyğəmbər dedi: “Bu, Allahın buludları idarə etmək üçün müvəkkil etdiyi mələkdir ki, əlindəki odlu qamçı ilə buludları dağıdıb, Allahın əmr etdiyi yerə aparır.” Onlar: “Bəs eşidilən o gurultu nədir?”– deyə soruşdular. Peyğəmbər dedi: “Buludların dağılması nəticəsində çıxan səsdir.” Onlar bu xəbəri də təsdiqlədikdən sonra dedilər: “Bizim bircə sualımız qaldı. Buna da düz cavab versən, sənə beyət edərik. Hər bir peyğəmbərə vəhyi gətirib çatdıran bir mələk var. Bəs sənə vəhyi gətirən kimdir?” Peyğəmbər: “Cəbraildir!”– dedi. Onlar dedilər: “Bizim düşmənimiz olan, əzab, ölüm və müharibə gətirən Cəbraili deyirsən?! Əgər rəhmət, bitki və yağış gətirən Mikaili desəydin, doğru olardı.” Bu vaxt Uca Allah bu ayəni nazil etdi: “De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir” (əl-Bəqərə, 97).

Paylaş: