Peyğəmbərin mirası
Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).
Peyğəmbər özünə məxsus olan torpağın hamısını Allah yolunda sədəqə etmişdir. Onun qoyub getdiyi miras yalnız elmdir. Rəvayət edilir ki, bir dəfə Əbu Hureyrə Mədinə bazarına gəlib oradakılara dedi: “Ey bazar əhli, nə oturmusunuz?”
Onlar: “Nə baş verib, ey Əbu Hureyrə?”– deyə soruşduqda, Əbu Hureyrə dedi: “Rəsulullahın mirası bölüşdürülür, siz isə burada oturmusunuz, gedib ondan öz payınıza düşəni götürmürsünüz?”
Onlar: “O miras haradadır?”– deyə soruşdular.
Əbu Hureyrə: “Məsciddədir”– dedi.
Bazardakılar tələsik məscidə gəldilər, Əbu Hureyrə isə bazarda durub onların qayıtmağını gözlədi. Nəhayət, onlar geri qayıdıb: “Ey Əbu Hureyrə, biz məsciddə heç bir miras görmədik”– dedilər.
Əbu Hureyrə soruşdu: “Məsciddə adam gördünüzmü?”
Onlar dedilər: “Bəli, gördük. Bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəziləri də halal və haramdan danışırdılar.” Onda Əbu Hureyrə dedi: “Vay halınıza! Muhəmmədin mirası da elə budur, bu!” (Mocəmul-Kəbir, 402).
Həmçinin, rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud öz tələbələri ilə bir yerdə oturub Peyğəmbərin öyrətdiklərindən onlara öyrədərkən, yanlarından keçən bir bədəvi ondan: “Bunlar bura niyə yığışıblar?”– deyə soruşdu.
İbn Məsud dedi: “Yığışıblar ki, Muhəmmədin mirasını öz aralarında bölüşdürsünlər” (Xətib əl-Bəğdadinin “Şərəfu Əshabul-Hədis” əsəri, 1/102).