Peyğəmbərin mövlud gününü qeyd etmək doğrudurmu?

    18.01.2014
Kimdən: 
Aynur
Sual: 
Salam aleykum. Her kesin ve butun muselmanlarin movlud kandili mubarek olsun inshallah. Bilmek olarmi bu mubarek heftede ne etmek daha yaxshi olar? Hansi dualari oxumaq, zikrleri etmek ve ya hansi namazlari qilmaq lazimdir?
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir. O, müsəlmanlara əmr etmişdir ki, xristianlar İsa (aleyhi-ssələm) barəsində hədlərini aşdıqları kimi onun barəsində də həddi aşmasınlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Məni nəsranilərin Məryəm oğlu İsanı mədh (tərifləmək) etdikləri kimi mədh etməyin. Şübhəsiz ki, mən də bir qulam. Elə isə mənə, Allahın qulu və elçisi deyin". 
Bundan əlavə, biz bilirik ki, Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbəri (salləllahu aleyhi və səlləm) ən çox sevən insanlar olublar. İnsanlar içərisində Ona ən yaxın olan və Onu  ən çox sevən Əbu Bəkrin, Ömərin, Osmanın, Əlinin və digər səhabələrin (Allah onlardan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) doğum gününü qeyd etməsinə aid heç bir rəvayət yoxdur. Hətta Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bir neçə nəsil sonra da bu edilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir (yəni səhabələr). Sonra ondan sonrakı (ikinci nəsil, yəni tabiun), sonra da ondan sonrakı (üçüncü nəsil, yəni ətbaut-tabiun) əsrdəkilərdir. Daha sonra insanlar gələcək, onlar üçün onların şahidliyinin andlarından əvvəl və yaxud andlarından sonra gəlməsi fərq etməyəcək (yəni, onlar bu məsələlərə ciddi yanaşmayacaqlar)...". (əl-Buxari; Muslim; ət-Tirmizi). 
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) doğum gününü qeyd etmək bir neçə əsr sonra meydana çıxmışdır, o zaman haqq dinin bir çox xüsusiyyətlərinə riayət edilməmiş və bidətlər geniş vüsət almışdı. Quranda bizə bildirilir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sevgi onun özü ilə gətirdiyi hidayət yoluna tabe olmaqla nümayiş etdirilir. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". De: "Allaha və (göndərdiyi) Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz".  (Ali İmran, 31-32). Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələr (Allah onlardan razı olsun) ad günü keçirmədikləri üçün, bunu etmək bidətdir (dində yenilik etmək).

Teqlər: 
Paylaş: