Cənazə namazını harada qılmaq lazımdır?

    14.04.2015

Cənazə namazını məsciddə qılmaq olar:
Aişə (A.R.O.) deyir ki, Səəd ibn Əbu Vaqqas (A.R.O.) vəfat etdikdə Peyğəmbərin (S.A.V.) zövcələri onun üçün cənazə namazı qılmaq niyyəti ilə cənazəsinin məscidə gətirilməsini tələb etdilər. Onlar da deyiləni etdilər. Demək cənazəni onların hücrələri qarşısına qoydular və onun üçün cənazə namazı qıldılar. Onun cənazəsini məscidin oturacaqlara tərəf açılan “əl-Cənaiz” adlı qapısından çıxardılar. Sonra onlar camaatın: “cənazələr məscidə daxil olmazdı” – sözləri ilə onlara ayıb etdiklərini eşitdilər. Aişə (A.R.O.) bu xəbəri eşidəndə dedi: «İnsanlar, elmləri olmadığı bir şeyi necə də tez ayıb sayırlar!? Onlar cənazəni məscidə daxil etməyi bizə ayıb edirlər! Amma Peyğəmbər (S.A.V.) Suheyl ibn Bəyda (A.R.O.) üçün yalnız məscidin daxilində namaz qılmışdı»[1].
Lakin yaxşı olar ki, Peyğəmbərin (S.A.V.) vaxtındakı kimi, cənazə namazı məscidin xaricində, cənazə namazı üçün nəzərdə tutulan yerdə qılınsın. Çünki Peyğəmbər (S.A.V.) adətən belə edərdi.
İbn Ömər (A.R.O.) deyir ki, «yahudilər öz aralarında zina edən bir kişi və bir qadını Peyğəmbərin (S.A.V.) yanına gətirdilər. Peyğəmbər (S.A.V.) də onların məscidin qarşısında, cənazə namazı qılınan yerin yaxınlığında daşqalaq edilməsini əmr etdi»[2].
Əbu Hureyrə (A.R.O.) deyir ki, «Nəcaşi ölən gün Peyğəmbər (S.A.V.) onun bəd xəbərini camaata çatdırdı. Sonra namazgaha çıxıb camaatı səfə düzdü və dörd dəfə təkbir etdi»[3].
Ənəsin (A.R.O.) rəvayətinə əsasən cənazə namazını qəbirlərin arasında qılmaq olmaz. Rəvayətdə deyilir ki, «Peyğəmbər (S.A.V.) qəbirlərin arasında cənazə üçün namaz qılmağı qadağan etmişdir»[4].

 
[1] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1859. Müslim: 2/ 668/ № 973. Rəvayətin bu mətni onundur. Hədisi müxtəsər rəvayət edənlər isə bu alimlərdir: Əbu Davud: 8/ 477/ № 3173. Nəsai: 4/ 68.
[2] Hədis səhihdir. əl-Cənaiz: səh. 106. Buxari: 3/ 199/ № 1329.
[3] Buxari: 3/ 116/ № 1245. Müslim: 2/ 656/ № 951. Əbu Davud: 9/ 5/ № 3188. Nəsai: 4/ 72.
[4] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 108. Albani demişdir ki, bu hədisi Təbərani əl-Əvsət kitabında rəvayət etmişdir (2/ 80/ 1).